“Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.
AZAL-dan verilən məlumata görə, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.
Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.
Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri, həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.
Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.