22 iyul - Milli Mətbuat Günü münasibətilə Avrora Qrup, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokunun finalçıları məlum olub. Finalda jurnalistlərdən ibarət “Şuşa” və “Kəlbəcər” komandası qarşı-qarşıya gəlib. Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyunu üç setdən ibarət olub. Qarşılaşma 2:1 hesabı ilə “Şuşa” komandasının zəfəri ilə yekunlaşıb.
 
Turnirin finalçılarına Zəfər Kuboku, pul mükafatı, diplomlar və sponsor tərəfindən hədiyyələr təqdim edilib. Bundan başqa, turnirin ən yaxşı voleybolçusu "Şuşa" komandasının üzvü İsgəndər İbrahimə pul mükafatı və sertifikat təqdim olunub.
 
Qeyd edək ki, tədbirdə Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, Gənclər və idman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov, “Azərreyl”in sabiq oyunçusu və Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova, Vətən müharibəsi iştirakçısı və qazisi polkovnik-leytenant Vüsal Nağıyev də iştirak edib.

Baxış sayı: 5328 | Tarix: 25.07.2022
Bizi Telegramda izləyin: @repostaz