Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər.
 
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
 
- Əziz idmançılar, əziz dostlar.
 
Mən indicə Konya Hava Limanında yerə enmişəm və hava limanından dərhal buraya, sizinlə görüşə gəlmişəm. Bu, bir ənənədir. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.
 
Bu dəfə V İslam Həmrəyliyi Oyunlarında siz Azərbaycanı təmsil edəcəksiniz. Əminəm ki, ləyaqətlə təmsil edəcəksiniz. Çünki bizim idmançılar artıq bütün beynəlxalq yarışlarda öz gücünü təsdiqləmişlər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. Əminəm ki, idmançılarımız bu dəfə də gözəl nəticə göstərəcəklər. Artıq birinci qızıl medalımız var. Komandanı bu münasibətlə təbrik etmək istəyirəm. Oyunların rəsmi açılış mərasimi bu gündür, amma Oyunlar artıq davam edir. Əminəm ki, bu gözəl nəticə digər idmançılar üçün də gözəl bir stimul olacaq.
 
Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir. Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.
 
Onu da qeyd etməliyəm ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.
 
Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız. Təbrik edirəm.
 
x x x
 
Gənclər və idman naziri Fərid Qayıbov deyib:
 
- Çox hörmətli cənab Prezident.
 
Hörmətli Mehriban xanım.
 
İcazə verin, nümayəndə heyəti adından Sizi Atletlər Kəndində salamlayım. Sizin daimi qayğınıza görə təşəkkürümüzü bildirmək istərdik. Sizin tapşırığınızla atletlər üçün hər cür şərait yaradılıb və komandamız hazırdır. Qeyd etdiyiniz kimi, artıq bizim ilk medalımız var, dünən Anna Skidan qızıl medal qazanıb.
 
Güləşçi Rafiq Hüseynov: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Mən komanda yoldaşlarım adından, həm də, eyni zamanda, öz adımdan Sizi salamlayıram. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə maraqlanırsınız. Mən əminəm ki, Sizinlə görüş bizə əlavə ruh yüksəkliyi verəcək və eyni zamanda, bizim çıxışlarımıza çox müsbət təsir edəcək. Sevinirəm ki, cənab Prezident şəxsən özü bizimlə maraqlanır. Sizə təşəkkür edirəm.
 
Prezident İlham Əliyev: Sağ olun.
 
Stend atıcısı Rigina Meftahətdinova: Cənab Prezident, salam. Mehriban xanım Sizi salamlayıram. Mən idmançı ailəsində böyümüşəm. Olimpiya çempionu Zemfira xanım Meftahətdinovanın qızıyam. Özüm də bu idmanla məşğulam. Mən çox fəxr edirəm ki, Siz bizə həmişə diqqət, qayğı göstərirsiniz. Çox olun, Sizə təşəkkür edirəm.
 
Prezident İlham Əliyev: Çox sağ olun. Sizə uğurlar arzulayıram.
 
Mehriban xanım Əliyeva: Anna Skidan qızıl medal alıb.
 
Prezident İlham Əliyev: Qızıl medal, təbrik edirəm.
 
Anna Skidan: Sağ olun.
 
Mehriban xanım Əliyeva: Təbrik edirik, sizinlə fəxr edirik.
 
x x x
 
Xatirə şəkilləri çəkdirilib.
 
x x x
 
Velosipedçi Elçin Əsədov: Cənab Prezident, mən Elçin Əsədovam. Şuşada beynəlxalq velosiped idmanı yarışının qalibiyəm. Çox fəxr edirəm. Orada qürur duyduq, “dəmir yumruq”la. Çox sağ olun, cənab Prezident, minnətdaram.
 
Prezident İlham Əliyev: Çox sağ olun.
 
Paralimpiyaçı: Allah razı olsun, bizim üçün hər cür şərait yaradılıb. Keçmiş müharibə veteranı kimi, İnşallah, burada da bayrağımızı ucaldarıq.
 
Prezident İlham Əliyev: İnşallah. Paralimpiyaçılarımız da Paralimpiya Oyunlarında yaxşı nəticə göstərmişdilər.
 
x x x
 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli idi, lakin qlobal pandemiya səbəbindən yarış bir il təxirə salındı. Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
 
Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar.
 
2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır.
 
“Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

Baxış sayı: 5423 | Tarix: 09.08.2022
Bizi Telegramda izləyin: @repostaz