Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Ağdama səfər edib. Səfərin məqsədi “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsi çərçivəsində su quyularının əsaslı təmir olunaraq istifadəyə verilməsi olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaponiyalı səfir açıqlamasında bildirib ki, Azərbaycanın işğaldan azad olan ərazilərdə apardığı bərpa işlərində Yaponiya hökuməti yaxından iştirak edəcək:
“İşğaldan azad olunmuş ərazilərdəki bərpa quruculuq işləri hazırda Azərbaycan hökumətinin qarşısında hədəf olaraq durur. Yaponiya hökümətində həm şirkətlər, həm də hökumət olaraq bu məsələdə əməkdaşlıqla bağlı düşünür və keçən il bir yapon şirkəti azad olunmuş ərazilərin yaşıl enerji zonasının baş planını hazırlayıb. Bu günə qədər Azərbaycan hökumətinin təşkilatçılığı ilə bir neçə dəfə azad olmuş ərazilərdə olmuşam. Hər biri çox gözəl təbiəti olan füsunkar yerlərdir. Lakin çox təəssüf ki, bəzi şəhərlər demək olar ki, tamamilə dağıdılıb. Olduğum şəhərlərdən biri də Şuşadır. Şuşa hər bir azərbaycanlı üçün çox əziz olan yerdir. Eyni zamanda mədəniyyət mərkəzidir. Arzu edirəm ki, Şuşa da daxil olmaqla bütün şəhərlər bərpa olunsun və inkişaf etsin”.
Tədbirdə iştirak edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, ermənilərin Ağdam rayonu ərazisində məhv etdiyi yaşıllıq massivlərinin bərpası üçün tinklik sahələri yaradılıb. Bundan başqa, Ağdamın bərpasında iştirak etmək üçün ölkə və xaricdə yaşayan iş adamlarına müraciətlər olunub:
“Söz yox ki, yaxın vaxtlarda işğaldan azad olmuş torpaqlarımızda olan su mənbələrindən ərazilərimizin bu hissələrinə su gələcək və həyat öz axarında davam edəcək. Ancaq bugünkü gündə Ağdam rayonunun ərazisində 9 ədəd quyunun yenidən həyata qaytarılmasında, bütün avadanlıqlarının dəyişdirilməsində iştirak edən Yaponiya səfirliyinə xüsusi minnətdarlığımızı bildiririk. Bizim danışığımız əsasında suya ehtiyacı olan daha iki kəndimizdə içməli su arteziyanın qazılmasına söz verilib. Çox gözəl bir layihədir. Biz Yaponiya səfirliyinə və ümumiyyətlə rayonumuzun ərazisində iş görmək istəyən digər iş adamlarına müraciətlər etmişik. Müraciətlər əsasında Yaponiya səfirliyi işğaldan azad olmuş ərazilərdə işlərin görülməsini öz öhdəsinə götürüb. Artıq yüz min ədəddən artıq tinglik salmışıq. O tinglik vasitəsilə bir ildən sonra yaşıllıq massivlərini bərpa edəcəyik”.
Qeyd edək ki, layihə çərçivəsində rayonun Quzanlı, Alıbəyli, Ballar, Birinci Yüzbaşlı, Bəybabalar, Böyükbəyli, İmamqulubəyli, Kəlbəhüseynli, Eyvazlı kəndlərində quyu tipli artezian suvarma sistemləri əsaslı bərpa edilərək istifadəyə verilib