Dünya yəhudiləri yeni il -Roş-Ha-Şana bayramlarını qeyd etməyə başlayıblar. Amma Qubada yaşayan dağ yəhudiləri bu il bayramı təntənəli şəkildə qeyd etmək haqqqında düşünmürlər.   
 
Bu barədə Quba İH başçısının Qırmızı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Telman Mixailov məlumat verib.  
 
Onun sözlərinə görə, Roş-Ha-Şana adlanan yəhudilərin yeni il bayramı ötən gündən başlayıb və 10 gün davam edəcək:  
 
“Bu il qeyd etməməyimizin səbəbi sentyabrın 12-14 ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində şəhid olan 81 igidimizin əziz xatirəsi və 27-sentyabr - Anım günü ilə  bağlıdır:  
 
"Biz Azərbaycan vətəndaşlarıyıq, burda yaşayırıq. Vətən Müharibəsində üç minə yaxın, son erməni təxribatında 81 şəhid verən Azərbaycanın kədəri həmişə bizim kədərimiz olub, sevinci də sevincimiz.  
 
Ona görə də yeni il bayramını adi qaydada ancaq öz evlərimizdə qeyd etməyi qərara almışıq, hər hansı kütləvi tədbir keçirməyəcəyik.
 
Qırmızı Qəsəbə nümayəndəliyinin Vətən Müharibəsində 3 şəhidi var. Yaşar Xudayev Dağlı kəndindən, Əli İbrahimov və Aydəmir Hacıyev isə Qırmızı Qəsəbədəndir. 
 
 27 senyabr Anım günündə şəhid ailələri ziyarət olunacaq, Quba Şəhidlər Xiyabanında bütün şəhidlərimizi hörmətlə yad edəcəyik. 
 
Bizə tarixi qələbəni gətirən şəhidlərimizin ruhu Qırmızı Qəsəbədə hər evdə ehtiramla anılacaq”.

Baxış sayı: 6639 | Tarix: 27.09.2022
Bizi Telegramda izləyin: @repostaz