2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifəyə tanınmış idman jurnalisti Elşən Məmmədov təyin edilib.
O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.
E.Məmmədov "apasport"a açıqlamasında göstərilən yüksək etimada görə, nazir Fərid Qayıbov başda olmaqla, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb. O, həmçinin 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə AFFA və Mətbuat Şurasının təltif etdiyi 33 idman jurnalisti arasında yer alıb, müxtəlif federasiyaların mükafatlarını qazanıb, MEDİA (Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) tərəfindən elan olunmuş yazı müsabiqələrinin dəfələrlə qalibi olub.
E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.