Türkiyənin milli müdafiə naziri Hulusi Akar yunan həmkarı Nikos Panagiotopoulosu Türkiyəyə dəvət edib.
APA “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə Hulusi Akar jurnalistlərə bildirib.
“Biz dialoq, dostluq, qardaşlıq deyəndə zəiflik kimi başa düşülür, belə bir şey yoxdur. Hərbi nümayəndə heyətimiz iki dəfə Yunanıstana gedib, onlar bir dəfə Ankaraya gəliblər. İndi Yunanıstan nümayəndə heyətini 4-cü görüş üçün Türkiyəyə gözləyirik. Biz “bu görüşləri davam etdirək” desək də, bəziləri “türklər dialoqa gəlsin” deyir. Əslində dialoqu istəyən bizik. Brüsseldə Yunanıstanın müdafiə naziri Panagiotopoulosu həyat yoldaşı ilə birlikdə Türkiyəyə dəvət etdim. Müsbət ab-havanın yaranması üçün, amma bundan narahat olanlar var. Biz Türkiyə-Yunanıstan problemlərinin həll oluna biləcəyini, həll olunmazsa da, nəzarətdə saxlanıla biləcəyini, ölkələrimizə, bölgəmizə və NATO-ya zərər verməyəcək şəkildə idarə etməyin vacib olduğunu düşünürük”, - türkiyəli nazir qeyd edib.