Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmasını dəstəkləyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.
Ərdoğan qeyd edib ki, o, bu nəticəyə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra gəlib.
“TDT-yə üzv ölkələr həqiqətən bizim üçün bu məsələdə müsbət siqnal verməli olan ölkələrdir. Yəni, Türk Dövlətləri Təşkilatı olaraq keçirdiyimiz ikitərəfli görüşlərdə həmişə “Türkiyə bu mövzuda hansı addımı atırsa, biz də təbii ki, onun yanındayıq” deyirlər. Əslində, qardaşım İlham Əliyevlə keçirdiyimiz görüşdə də mövqe belə idi”, - deyə o bildirib.
Türkiyə lideri, Şimali Kipr Türk Respublikası ilə bağlı Türkiyənin Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi bəyanatlar istiqamətində türk dövlətlərinin liderlərinin ortaq bir işin görülməsinə ümid etdiyini də vurğulayıb.