Türkmənistanda ölkəyə gələn və ölkə ərazisindən tranzit keçən yük avtomobilləri üçün yeni rüsum və ödənişlər tətbiq ediləcək.
 
“APA-Economics” Türkmənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qərar imzalayıb.
 
Yeni qərarla Aşqabad sazişinin iştirakçısı olan ölkələrdən (İran, Oman, Türkmənistan və Özbəkistan), həmçinin Əfqanıstanı Türkiyə və Avropa ilə birləşdirən Lazurit dəhlizinin iştirakçısı olan ölkələrdən (Azərbaycan və Gürcüstan) Türkmənistana gedən yük maşınları və yarımqoşqular üçün yeni rüsum və ödənişlər müəyyən edilib.
 
Belə ki, Türkmənistana gedən qoşqular üçün 150 dollar, tranzit keçən qoşqular üçün isə 100 dollar rüsum alınacaq. Bu məbləğə sənədləşmə prosedurları, gömrük əməliyyatları, izləmə, bitkiçilik məhsullarının yoxlanılması və dezinfeksiya üçün rüsumlar daxildir.
 
Qərar 15 noyabrdan qüvvəyə minəcək və gələn ilin 15 noyabrınadək qüvvədə olacaq.

Baxış sayı: 407 | Tarix: 22.10.2022
Bizi Telegramda izləyin: @repostaz