Respublika Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına müvafiq olaraq Bakı şəhərinin bəzi küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrıca hərəkət zolaqlarının təşkilinə başlanılıb. İlk olaraq belə zolaq Füzuli küçəsinin bir hissəsində yaradılıb.

RePost.Az xəbər verir ki, həmin zolaqlar xüsusi hərəkət rejimi müəyyən edir. Bu rejimin qaydaları “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsində nəzərdə tutulur.Qanunun tələbinə əsasən, 5.9 nişanı və 1.23 nişanlanması (“BUS” yazısı) ilə işarələnən bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti məhduddur. Sürücülər bu zolaqla bağlı tələbləri pozmamaq üçün aşağıdakıları bilməlidirlər:

1. Belə zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, həmin zolağa heç bir halda keçmək olmaz. Yalnız yoldan çıxış və yola giriş yerlərində yazıya əlavə etdiyim sxemdə göstərilən 1.11 nişanlanma xətti ilə işarələnən yerlərdə bu zolağa qismən daxil olub oradan müvafiq manevri etməyə icazə verilir. Giriş-çıxış yerlərində digər nəqliyyat vasitələrinin sürücüləri 1.11 xətti ilə işarələnməyən yerlərdə bu zolağa keçərlərsə, yaxud bu zolaqdan çıxarlarsa, onlar İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, həm nişanlanma xəttinin tələbini pozduqlarına, həm də nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını pozduqlarına görə cəmi 40 manat cərimə olunacaqlar.

2. Yolun giriş-çıxış olmayan yerlərində də həmin zolağı keçərək orada hərəkət etmək, o cümlədən orada dayanmaq və durmaq qadağandır. Bunu edən sürücülər də İXM-in 327.1-ci maddəsi üzrə 40 manat cərimə olunacaqlar. Əgər həmin zolaq 1.5 qırıq-qırıq nişanlanma xəti ilə qalan zolaqlardan ayrılıbsa, yalnız sərnişini mindirmək və ya düşürmək üçün bu zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb onu tərk etmək olar. Bu zaman avtobusa mane olmaq qadağandır.

3. Belə xüsusi zolaq yalnız hərəkət sxemi həmin küçədən keçən müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar üçündür. Ona görə də digər avtobusların da bu zolaqlara dair tələbləri pozması eynilə 40 manat cəriməyə səbəb olacaq.

4. Xüsusi zolağın olduğu küçə ilə hərəkət edən müntəzəm marşrutdakı avtobuslar həmin xüsusi zolaqdan kənara çıxarlarsa, onların sürücüləri də İXM-in 327.1-ci maddəsi üzrə 40 manat cərimə olunacaqlar. Özü də belə kənara çıxmanın səbəbinin əhəmiyyəti yoxdur. Bunu eyni küçədə qabaqda gedən avtobusu ötmək həvəskarı olan avtobus sürücüləri daha yaxşı yadda saxlamalıdırlar. Qabaqdakı avtobusu ötmək üçün digər zolağa yerdəyiçmə edən avtobus sürücüsü istisnasız olaraq 40 manat cərimə olunmalıdır.

5. Digər nəqliyyat vasitələrinin sürücüləri giriş-çıxış yerlərində tətbiq edilmiş 1.11 xəttini kəsərək həmin zolağa daxil olduqda mütləq yoldan çıxmalıdırlar. Həmin zolağa daxil olub giriş-çıxış yerini düz keçərək bu zolaqla hərəkəti davam etdirmək, o cümlədən növbəti 1.11 xətti olan yerdə həmin zolağı tərk edənədək davam etdirmək qadağandır. Bu halda da sürücü 40 manat cərimə olunacaq.

6. Digər nəqliyyat vasitələrinin sürücüləri belə zolağı olan yola giriş-çıxış yerlərində yoldan çıxarkən və ya yola daxil olarkən həmin zolaqla hərəkət edən avtoobusa yol verməlidirlər. Əgər hər hansı sürücü bu zaman avtobusa maneə olarsa, o da inzibati məsuliyyətə cəlb ediləcək. Lakin bu halda cərimə fərqli olacaq. Əgər digər sürücü yoldan çıxarkən avtobusa maneə olarsa, İXM-in 327.1-ci maddəsi üzrə (əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə) 40 manat cərimə olunacaq. Lakin digər sürücü belə yerdə yola daxil olarkən avtobusa maneə olarsa və həmin yer yolayrıcıdırsa (həyətdən çıxış deyilsə), həmin sürücü yolayrıcını keçmə qaydalarını pozduğuna görə İXM-in 327.2-ci maddəsi üzrə 60 manat cərimə olunacaq və onun hesabına 3 cərimə balı yazılacaq.

Yuxarıdakı tələblər avtobus zolağı olan yolda hərəkət intensivliyindən, xüsusi zolaqda avtobusun olub-olmamasından asılı deyildir. Ona görə də hətta yolun əsas zolaqlarında sürəkli tıxac olduqda da avtobus zolağına dair yuxarıda qeyd olunan tələbləri pozan sürücülər eyni qaydada cərimə olunacaqlar. Nəzərə almaq lazımdır ki, belə zolaqların yaradılmasında əsas məqsəd marşrut avtobusunun tıxaca düşməsini istisna etməkdir.

Bəlkə də qeyd etdiklərim bəzi sürücülər üçün yeni və çox qəliz qaydalar kimi görünə bilər, amma məsələ çox sadədir. Özü də bu qayda yeni də deyil, 1970-ci illərdən mövcuddur. Hər bir sürücü diqqətli olsa, həmin qaydalara riayət etmək çox asandır.

Füzuli küçəsində artıq tətbiq edilmiş xüsusi zolağı şəxsən nəzərdən keçirmişəm. Hesab edirəm ki, bu paytaxtın bəzi küçələrində avtobus zolaqlarınnı yaradılması üzrə pilot layihə kimi qiymətləndirilməlidir. Sürücülərimiz isə bu qaydaları yaxşı öyrənməlidirlər ki, cəriməyə məruz qalmasınlar.

RePost.Az
Mənbə:Avtosfer.az


Baxış sayı: 4131 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz