Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edib.
İclası vitse-spiker, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli açıb, yeni qanun layihəsinin hazırlanmasını vacib edən amillərdən danışıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bu illər ərzində qonşu ölkələrdə də siyasi partiyalarla bağlı qanunvericiliyin dəyişdiyini diqqətə çatdırıb: “Mövcud qanuna məhz VI çağırış parlamentin fəaliyyəti dövründə mühüm dəyişiklik edilib, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddə dəyişib. Siyasi partiya anlayışı, partiyaların təsis edilməsi, partiyaların maliyyələşməsi və s. kimi məsələlər qanunvericilikdə konkret şəkildə göstərilməlidir. Siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsi bütün ölkələrdə dilemma yaradır, demokratik cəmiyyət üçün məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının müvafiq müddəalarında da əksini tapıb. Buna uyğun olaraq yeni qanun layihəsində olan məhdudiyyətlər də özünü göstərir. Bugünkü müzakirələrdə səslənəcək fikirlər, hətta söylənəcək iradlar belə ölkəmizin siyasi partiyalarla bağlı qanunvericiliyinin hazırlanmasına öz töhfəsini verəcək”.
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qanun layihəsi ilə bağlı siyasi partiyalar tərəfindən irəli sürülən təklifləri açıqlayıb.
Vəhdət Partiyasının sədri Tahir Kərlimli isə hesab edir ki, xalqın çoxu nə partiyaların adını bilir, nə sədrini tanıyır.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanda 90-cı illərdən fərqli olaraq siyasi partiyaların siyasi sistemdə fəallığının kifayət qədər artdığı qənaətindədir: “Bu fəallıq qüvvədə olan qanunvericiliklə adekvat deyil. Ölkədə aparılan siyasi islahatların tərkib hissəsi kimi partiyaların yeni konfiqurasiya prosesində fəal iştirakı labüddür. Bu zəruri amillərə söykənərək təqdim olunmuş yeni qanun layihəsi təkmilləşdirilib”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iki partiya istisna ilə müzakirədə bütün siyasi partiyaların nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırıb.
Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev hesab edir ki, cəmiyyətdə bu qanun layihəsi ilə bağlı bu qədər müzakirələr gedirsə, deməli, qanunun dəyişməsinə zərurət var: “Ümumiyyətlə, hər hansı qanunu qəbul edəndə cəmiyyətdə bütün təbəqələr razı qalmır. Amma belə dinləmələr ona gətirir ki, həmin narazılıqlar get-gedə azalır. Cəmiyyətdə və mətbuatda xeyli fikirlər səsləndirilir ki, partiya qeydiyyata alınanda onun üzvlərinin sayının göstərilməsi düzgün deyil. Amma bu, mövcud qanunda var. 90-cı ildə partiya yaratmaq üçün 1000 üzvün tələb olunması böyük rəqəm idi. Amma indi əhalinin sayı da artıb, siyasi aktivlik də artıb. Ona görə də yeni layihədə olan rəqəmlər saxlanılmalıdır, yaxud rəqəmlər dəyişsə də, üzvlərin sayının göstərilməsi tələbi qalmalıdır. Bizim partiyanın da təklifləri layihədə nəzərə alınıb”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev partiyanın təsis edilməsi üçün minimum 10 min üzvün olması ilə bağlı təklif irəli sürən partiyalardan birinin də Milli Cəbhə Partiyası olduğunu açıqlayıb.
Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov isə deyib ki, Azərbaycanda demokratiyanın inkişafına təkan verəcək mükəmməl qanunu qəbul edəcəyimizə şübhə etmir.
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın “Siyasi partiyalar haqqında” qanun layihəsinə dair əsas irad və təklifləri açıqlayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə seçkilərdə iştirakla bağlı maddənin dəyişməsini istəyib: “Çünki ola bilər ki, partiya seçkiyə qatılmaqla bağlı qərar qəbul etsin, ancaq Mərkəzi Seçki Komissiyası (MSK) partiya üzvünün namizədliyini qeydə almasın. Buna görə də bu məsələyə yenidən baxılmalıdır. Burada əsas şərt partiyanın seçkilərdə iştirakla bağlı qərarı olmalıdır. Parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət dəstəyi məsələsinə də baxılmalıdır”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevə görə, siyasi partiyanı inkişaf etdirmək istəyirsənsə, ona azadlıq verməlisən: “Partiyanın qeydiyyatı üçün Ermənistanda 8000 nəfər, Gürcüstanda 3000 nəfər üzv şərti var. Digər tərəfdən, qanunda əsasən, məhdudlaşdırıcı müddəalar götürülüb. Yeni nəsillə məhdudlaşdırma dilində danışmaq olmaz”.
AĞ Partiya başqanı Tural Abbaslı və REAL Partiyasının sərdi İlqar Məmmədov qanun layihəsini tənqid ediblər.
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü qanunun daha sərt formada qəbulunun tərəfdarı olduqlarını vurğulayıb: “Bu qanun layihəsi güclünün ayaqda qalması üçündür. Cümlə yaza bilməyən adamlar bu gün partiya sədrləridir. Qanunun tələbləri daha da sərtləşdirilməli, siyasi partiyaların təmərküzləşməsinə şərait yaradılmalıdır. Təkcə AXCP və Müsavat partiyalarından nə qədər adam çıxıb özünə ayrıca partiya yaradıb. Güclü olan bu qanun layihəsinin qəbulundan narahat olmamalıdır. Belə əhatəli qanun hazırladığına görə ekspert qrupuna təşəkkür edirəm. Kim narahatdırsa, qanun layihəsinin əleyhinə çıxır”.
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, hansısa Təpəgözün xalqı aldatmaqla, populist çıxışlarla hakimiyyətə gəlməsi xalqa yaxşı heç nə vəd etmir: “30 ildir burada partiyaların təcrübəsi var, bu təcrübə dövlətçiliyə xidmət etməlidir. Bu layihəylə bağlı da ortaq məxrəcə gəlinməlidir. Reyestr məsələsi aradan qaldırılmalıdır. İnsanların şəxsi məlumatlarına müdaxilə etmək olmaz. İnsanlara bir neçə partiyaya üzv olmaq hüququ verilməlidir. İkincisi, təsisçinin 20 il ölkədə yaşamasının biz əleyhinə olmalıyıq. Bunu minimuma endirməliyik, həmin məhdudiyyət 5 ilə endirilməlidir”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakirli siyasi partiya rəhbərlərinin diplomatik pasportla təmin olunmasını, onlara toxunulmazlıq hüququ verilməsini təklif etdiklərini, ancaq bu təkliflərin layihədə əksini tapmadığını xatırladıb: “Hakimiyyətin ona rəqib olan şəxslərə diplomatik pasport verməsi dünyada da yenilik olar. Eyni zamanda siyasi partiyalar Azərbaycana düşmən olan ölkələrə qarşı kəskin fikirlər səsləndirir. Həmin insanlar xaricdə səfərdə olarkən dövlət tərəfindən qorunmalıdırlar”.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Reyestr məsələsinin layihədən çıxarılmasını təklif edib: “Partiyadan çıxanlarla bağlı partiyada çox vaxt məlumat olmur. Xəbərsiz partiyadan uzaqlaşanlar da olur. Ona görə bu barədə partiyanın üzərinə məsuliyyət qoyulması düzgün yanaşma deyil. Seçkilərdə 2 dəfə iştirak etməyəcəyi halda partiyanın qeydiyyatının ləğv olunacağı məsələsi də dəqiqləşdirilməlidir. Ola bilər ki, MSK seçkidə namizədliyi irəli sürülən partiya üzvünü qeydiyyata almasın”.
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov hesab edir ki, çoxillik partiya təcrübəsi olanların fəaliyyətinə mane olmamaq lazımdır: “Ola bilər ki, partiyalar birləşsin, hətta mən artıq bunu çoxdan düşünürəm. Təkliflər də olub. Şərt deyil ki, mən sədr olum. Partiyalar böyüməlidir. Bunun üçün də insanlar “kiçik olsun, mənim olsun” düşüncəsindən imtina etməlidirlər. Azərbaycanda 3-4 iri partiya olmalıdır. Hazırda Azərbaycanda ancaq YAP var. Bu gün Azərbaycanda partiya sədrləri 90-cı illərdə olan adamlardır, yeni adamlar gəlmir. Siyasətə yeni qüvvələr gəlməlidir, Azərbaycan siyasəti dəyişməlidir”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan düşünür ki, mütləq bütün partiyalar qeydiyyata alındığı gündən dövlət tərəfindən maliyyələşdirilməlidir və qeydiyyatda olan siyasi partiyalar imza toplamadan seçkilərdə iştirak etməlidir.
Respublikaçılar Partiyasının sədri Sübut Əsədova görə, seçkidə iştirak etməyən partiyanın qeydiyyatının ləğv edilməsi tələbi düzgün deyil.
Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Gülağa Gözəlov da irad və təkliflərini bildirib: “Seçkilərdə iştirak etməyən partiyaların ləğvi məsələsini dəstəkləmirik”.
Müzakirələri ümumiləşdirən Fəzail İbrahimli qeyd edib ki, çıxışları 3 qrupa bölmək olar: “Birinci qrup qanun layihəsinin redaktə ilə qəbul edilməsinə tərəfdar olanlar, ikinci qrup layihəni başdan-ayağa qara görənlər, üçüncü qrup isə qanun layihəsinin daha da sərtləşdirilməsini istəyənlərdir”.
Əli Hüseynli isə qeyd edib ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib: “Hazırda Azərbaycan qanunvericiliyi qarşısında əsas vəzifələrdən biri odur ki, normativ hüquqi aktlara əsaslanan yeni qanunlar qəbul edilsin. Bu gün “Normativ hüquqi aktlar haqqında” qanunda olan müddəalar mövcud qanunun müddəalarına uyğun deyil. Yeni qanunun qəbul olunması zəruridir. Ən çox narazılıq yaradan II fəsildir. Bəziləri irad bildirir ki, həddən çox tənzimləməyə gedilir. Amma balans qorunmalıdır. Bu balans qorunmasa, Venesiya Komissiyasının tövsiyələrinə də uyğun olmaz. Bu qanun layihəsi yeni hazırlanıb, Venesiya Komissiyasının rəyinə istinad olunub. Bütün ölkələrlə bağlı Venesiya Komissiyasının rəyləri ilə tanışıq. O rəydə Azərbaycanla bağlı mənfi rəy bildirilib. Venesiya Komissiyasının Moldova ilə bağlı da rəyi var. Digər ölkələrə münasibətdə Venesiya Komissiyası fərqli mövqe sərgiləyir. Bizim əldə tutduğumuz əsas sənəd Venesiya Komissiyasının rəyi deyil, başqa sənədlərə də biz istinad edirik. Qanunu hazırlayanlar deputatlardır. Biz tənqidlərin bir hissəsini qəbul edirik. Bu, rəqəmlərlə bağlı olan hissələrdir. Biz İşçi qaydasında partiya sədrlərini narahat edən konseptual məsələləri müzakirə etməyə hazırıq. Yeni qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğundur, amma detallarla, rəqəmlərlə bağlı müzakirələrə açığıq”.