Dünyada gərginlik artır və Qərblə Rusiya Federasiyası arasında qarşıdurma güclənir.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
Rusiya MN başçısı Qərb ölkələrini Ukraynada münaqişənin eskalasiyasını təşviq etməkdə günahlandırıb:
"Qərb ölkələri Ukraynada münaqişənin eskalasiyasını təşviq edir. NATO Ukraynanı silahla doldurur, kəşfiyyat məlumatları, muzdlular verir, Rusiya Federasiyasına qarşı informasiya və sanksiya müharibəsi aparır. Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında, şərq cinahında tam miqyaslı müdafiə sisteminin yaradılması istiqamətində irəliləmək niyyətindədir. Kollektiv Qərbin dağıdıcı cəhdlərinin əsas məqsədi Rusiyanın iqtisadiyyatını və hərbi potensialını məhv etməkdir. Şərqi və Mərkəzi Avropada NATO qruplaşmalarının sayı fevral ayından etibarən 2,5 dəfə artıb və yaxın gələcəkdə arta bilər. NATO Avropada Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradır", deyə Şoyqu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Ukrayna ətrafındakı mövcud vəziyyətdən istifadə edərək digər ölkələri, o cümlədən Avropanı maksimum dərəcədə zəiflədir.
Rusiya MN başçısı qeyd edib ki, Qərb Kiyev tərəfindən terror aktları, dinc əhalinin ağır silahlardan atəşə tutulması kimi qadağan olunmuş üsullardan istifadə etməsinin fərqinə varmır: "ABŞ və Avropa ölkələri Ukraynanın nüvə şantajı elementlərinə məhəl qoymur. Rusiya Ukraynanın "çirkli" nüvə bombası yaratmaq cəhdlərindən və öz ərazisində NATO-nun nüvə silahını yerləşdirməyə hazır olduğundan xəbərdardır".