Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirir.
Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".