Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədov və digər ittiham olunan şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb. Lakin məhkəmə qərarın Vüqar Səfərli və iş üzrə ittiham olunan digər şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı hissəsini ləğv edib.
İş əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Vüqar Səfərlinin məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakları aşağıdakılardır:
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi,
Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi,
Binəqədi rayonu, Goradil kəndində 0,104 hektarlıq bağ sahəsi,
Xətai rayonu, Lütfi Zadə küçəsi 18A (49 kv/m) ünvanındə ev
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi,
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi.
Bundan başqa, müsadirə edilən əmlaklar sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobillər, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahələrində olan bağ evləri, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.
Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabında olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsait üzərinə də həbs qoyulub.