“Millət adamı Fazil Mustafaya qarşı silahlı hücuma Milli Məclis hüquqi-siyasi qiymət verir, sifarişçiləri və təşkilatçıları ifşa edilən qəsdin məhz terror aktı olduğunu təsdiqləyir. Martın 2-də Hacı Şahin Həsənlinin müəmmalı ölümü, martın 4-də hipermarketə hücum, martın 9-da Bakıda silahlı atışma və martın 28-də millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir. Terrorun silahı nə olursa-olsun, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və təşviş ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Fazil Mustafaya qarşı terror aktı Azərbaycan dövlətinin sülh quruculuğu naminə həyata keçirdiyi siyasətə inamı sarsıtmaq məqsədi daşıyır.
“Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir. Əslində terrorçuların dini və milli mənsubiyyəti yoxdur, onların hədəfi təkcə dövlət, xalq və fərdlər deyil, həm də müqəddəs kitablardır. Son aktı törədənlər Danimarka və Niderlandda Quran kitabını yandıranlardan fərqlənmirlər”.
Zahid Oruc bildirib ki, orucluq ayında iftardan çıxan inanclı bir adama qarşı terror aktı törədənlər Zori Balayanla, Yaxın Şərqdə din bayrağı altında edamlar həyata keçirən İŞİD-lə eyni səngərdədirlər:
“Yəqin ki, ötən həftə Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına Hizbullah təşkilatının verdiyi reaksiyanı izlədiniz. Ölkəmizi radikal cihadçı və din bayraqlı hərbi təşkilatlarla toqquşdurmaq üçün Qərblə region dövlətləri arasında unikal bir müttəfiqlik var. Yenidən terror ola bilərmi sualına cavab odur ki, Azərbaycan heç bir dövlətlə süni gərginlik axtarmır və 3-cü qüvvələrin forpostu olmağa can atmır”, - deyə o əlavə edib.
O deyib ki, İranın casus şəbəkəsi ifşa edilir.