Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib.
BNA-dan
RePost.Az-a verilən məlumata görə, məqsəd, həm şəhər sakinlərinin, həm də istirahət üçün paytaxtımıza gələn yerli və xarici turistlərin rahatlığını, onlara keyfiyyətli, eyni zamanda təhlükəsiz taksi xidmətinin göstərilməsini təmin etməkdir.
23.03.2017 tarixində paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Dilarə Əliyeva, 28 may və digər mərkəzi küçə və prospektlərində keçirilən birgə tədbir zamanı taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən edilib. Nəticədə, 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları taksi sürücüləri ilə geniş maarifləndirici söhbətlər aparıb. Bir daha onlara qanunvericiliyin tələbləri üzərlərinə düşən məsuliyyətləri izah edilib.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər. Qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları inzibati məsuliyyətə cəlb olunacaqlar.
RePost.Az