İranda qız məktəblərinə hücumları dövlət içərisində olan müəyyən qruplar təşkil edir.
Bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin təsisçisi Əhməd Obalı deyib.
O bildirib ki, həmin qruplar Prezident İbrahim Rəisiyə yaxın olanlardır:
“Sıravi şəxslər bu qədər zəhəri əldə edə bilməz. Onlar millətdən qisas almaq istəyirlər. Təkcə birinci zəhərlənmə hadisəsində 7 mindən çox qız zəhərlənmişdi. Amma hökumət bu rəqəmin 2 min olduğunu açıqlamışdı. Ondan sonra yenə də proses davam edib. Hazırda zəhərlənənlərin sayı 20 minə yaxındır”.
Əhməd Obalı İranda aylardır daavm edən aksiyalara da toxunub. O hesab edir ki, son zamanlar aksiyalar səngisə də, bunun davamlı olacağı gözlənilir.
"Çünki İranda qadınlara azadlıq verilmir, iqtisadiyyat çöküb, rejim milləti idarə edə bilmir və millət də rejimi istəmir. İran dövləti siyasətini farsçılıq üzərində qurduğuna görə, türk düşmənçiliyi amili aradan qalxmayacaq.
Azərbaycan gücləndikcə İran müəyyən addımlar atmağa çalışır. Ermənistan müharibəni uduzsa da, İran o məğlubiyyəti həzm edə bilmir. Lakin İranın əlində çox kart qalmayıb. Yəqin ki, terror qruplarından və yaratdığı “beşinci kolon”dan istifadə edəcək. Amma Azərbaycan güclənir və bütün dünya, o cümlədən də ABŞ Azərbaycanın tərəfini tutub".