Bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumun imzalanma mərasimi keçirilib.
APA-nın Bolqarıstana ezam olunmuş əməkdaşının xəbərinə görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstan energetika naziri Rosen Xristov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman və “Bulgartransgas” şirkətinin icraçı direktoru Vladimir Malinov iştirak edib.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.