Azərbaycanda eşşəklərin sayı 5 min azalıb. Bu rəqəm son günlər sosial şəbəkədə ən çox müzakirə olunan mövzuya çevrilib. Müzakirələrdə əsas narahatlıq yaradan məqam həmin eşşəklərin ətinin müxtəlif müəssisələrdə qida kimi istehlakçılara təqdim edilməsidir.

Dövlət Statistika Komitəsinin saytında eşşəklərin statistikası ilə bağlı rəqəm ildən-ilə onların sayının azaldığını sübut edir.

Belə ki, 2001-ci ildə respublikada 39 099 ədəd eşşək olub, sonrakı illərdə bu rəqəmlərdə artım müşahidə edilib. Hətta bəzi illərdə say 47 mini keçib. Lakin 2011-ci ildən başlayaraq eşşəklərin sayı azalıb. 2014-cü ildə respublikada eşşəklərin sayı 39992, 2015-ci ildə 35816 olub.

Hətta bəzi bölgələr var ki, ümumiyyətlə, orada eşşək qalmayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev publika.az-a açıqlamasında sayın azalma səbəblərindən danışıb.

Q.Əbdüləliyev bildirib ki, birinci səbəb onların ölümüdürsə, ikinci məqam onların artımına marağın az olmasıdır:

“At, qatır və eşşəklər əhali tərəfindən əsasən nəqliyyat vasitəsi kimi istehsal edilirdi. Son illər müxtəlif ölçülü irili-xırdalı nəqliyyat vasitələri meydana gəldiyinə görə bu heyvanlara ehtiyac azalıb. Ona görə də, əhali bu heyvanların doğub - törəməklə sayının artmasında maraqlı deyil. Digər canlılar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxır. İldə bu qədər eşşəyin ölümü də realdır”.

Şöbə müdiri bildirib ki, əsas səbəb isə əhalinin bu heyvanın artımına marağının azalmasıdır:

“Maldarlıqda hər inəkdən bir, qoyunçuluqda hər qoyundan ildə bir-iki bala alınmasına çalışırıq. Bunu eşşəklərə şamil edə bilmərik. Beş min eşşəyin azalması ötən il ərzində beş min eşşəyin az doğulması deməkdir. Eşşəyə ehtiyac olmadığına görə əhali eşşəyin doğulmasında maraqlı deyil. Eşşək Azərbaycanda məhsuldar heyvan hesab edilmədiyinə görə, onun sayının azalmasının kənd təsərrüfatına heç bir təsiri yoxdur”.

Q.Əbdüləliyev azalan eşşək sayının həmin heyvanın ətindən dönərxanalarda istifadə edilməsi isə fərdi yanaşma olduğunu deyib: “Bu barədə həqiqətən fakt bilən şəxslər Dövlət Baytarlıq Nəzarəti Xidməti, nazirliyin Qaynar xətt xidməti-1652–yə zəng etsinlər dəqiq araşdırılsın”.

 

Baxış sayı: 4226 | Tarix: 27.03.2017
Bizi Telegramda izləyin: @repostaz