İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var.
 
Bu barədə RePost.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, may ayının 28-də saat 04 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirmək məqsədilə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Beyləqan rayonu 1-ci Şahsevən kənd sakinləri Quliyev İbrahim Teymur oğlu və Əhmədov Ceyhun Rza oğlu saxlanılmış, üzərlərinə baxış keçirilən zaman snayper silahları üçün nəzərdə tutulmuş 1 (bir) ədəd universal termal nişangahı aşkar edilərək götürülmüşdür.
 
May ayının 29-da saat 03:50-də “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, narkotik vasitələri qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə gətirmək məqsədilə dövlət sərhədini pozan Tərtər rayon sakini Tanrıverdiyev Kamil Firuddin oğlu və Samux rayon sakini İbrahimli Ramiz Akif oğlu saxlanılmışdır.
Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman ümumi çəkisi 9 kiloqram 842 qram narkotik vasitə (9 kiloqram 812 qram marixuana və 30 qram tiryək) aşkar olunaraq götürülmüşdür.
 
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Baxış sayı: 8976 | Tarix: 30.05.2023
Bizi Telegramda izləyin: @repostaz