“2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulda 3,1 faizlik artım qeydə alınıb”.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı tanıtım sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xarici ticarət əlaqələrində müşahidə edilən müsbət dinamika nəticəsində bu ilin dörd ayında ixrac 6,5 faiz artaraq 12 milyard dollar təşkil edib, bu dövrdə qeyri-neft məhsullarının ixracı 21,2 faiz artıb:
“Bu ilin birinci rübündə qeyri-neft-qaz sahəsində investisiya qoyuluşu ötən illə müqayisədə 51,7 faiz artıb. Qarşıdakı dövrdə mövcud dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, yerli alətlərin tətbiq edilməsi sahibkarlığın inkişafına töhfə verəcək”.
O, qeyd edib ki, Qarabağın iqtisadi dəyər zəncirinə reinteqrasiyası, Naxçıvanın iqtisadi potensialının daha yüksək səviyyədə reallaşdırılması qarşıdakı dövrlərdə artıma təkan verəcək:
“Hər iki istiqamətdə inkişafın təmin olunması ilə dövlət proqramları qəbul edilib. Qarabağda iki sənaye parkı yaradılıb və rezidentlər üçün açıqdır. Azad edilmiş ərazilərin inkişafı ilə bağlı güzəştlər paketi qəbul edilib. Bu da sahibkarların bu bölgələrə investisiya qoyuluşu üçün cəlbedici addımlardır”.