Martın 30-u Rusiya Federasiyası Dağıstan Muxtar Respublikası ərazisində Azərbaycandan gedən 30-dan, artıq iri tonnajlı yük maşını hücuma məruz qalıb. RePost.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda həmin yük avtomaşınlarının sürücüləri məlumat verib.

Sürücülərdən Əzim Niftullayevin bildirdiyinə görə, yük maşınları meyvə-tərəvəz aparırmış. O, deyib ki, yük avtomaşınları onlarla naməlum şəxsin hücumuna məruz qalıb. Hücumun Azərbaycan-Rusiya dövlət sərhədini keçdikdən sonra baş verdiyi qeyd edilir. Hücum edənlər Rusiyada magistral yollarda yük daşıyan ağırtonnajlı maşınlardan xüsusi vergi yığan “Platon” şirkətinin tarifləri 25 faiz artıracağını elan etməsinə qarşı tətil edən dağıstanlı sürücülərdir.

Yük avtomaşınlarının sərhədi martın 28-i və 29-da keçdikləri bildirilir. Naməlum şəxslərin avtomaşınlara Manas və Babayurt adlanan yaşayış məntəqələrinin arasındakı yolda hücum etdikləri açıqlanıb.Həmin şəxslərin daşlarla, dəmir parçaları ilə maşınlara xəsarət yetirdikləri söylənir. Maşınların hamısının zədə aldığı, bəzilərinin tamamilə yararsız hala düşdüyü bildirilir.Verilən məlumata görə, onlar maşınlardan birini yandırdılar. Həmin maşını magistraldan çıxarıb yuvarladıldığı söylənir. Maşındakıların da xəsarətlər aldığı bildirilir.

“Onları bir neçə saata güclə xəstəxanaya çatdırmaq mümkün oldu”, – deyə sürücü Dağıstanda köməksiz qaldıqlarını bildirib. Onun sözlərinə görə, üzləşdikləri hücumla bağlı tədbir görən yoxdur. Sürücülər hər an başqa bir hücum, başqa formada təzyiqdən narahatdırlar. Adını açıqlamayan başqa bir sürücü də Dağıstana yük daşıyan 30-dan çox maşının hücuma məruz qaldığını təsdiqləyib. O,vəziyyətin qorxulu olduğunu ifadə edib.

“Sərhədi keçəndən sonra bizim maşınları polis müşayiət edirdi. Buna baxmayaraq, birdən hücum baş verdi”, - sürücü deyir. Sürücülərdən biri də hücumun başında rusiyalı sürücülərin dayandığını bildirib. O, qeyd edib ki, Rusiyada yük maşınlarına yeni sistem tətbiq olunmağa başlayıb. Sürücülər bu sistemin əleyhinədir. “Bizim maşınlar iri şəhərlərə meyvə-tərəvəz aparır. Bu onlarına sürücülərinin xoşuna gəlmir. Bizdən tələb edirlər ki, siz də işləməyin”-azərbaycanlı sürücü bildirir. O, Azərbaycanın müvafiq strukturlarından kömək istəyir.

Məsələyə, hələlik, Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının münasibətini öyrənmək mümkün olmayıb. Bu arada sürücü tətillərinin bütün Rusiyanı bürüdüyü haqda məlumatlar gəlir. Currenttime.TV portalı yazır ki, xəttə çıxmayan maşınların sayı barədə dəqiq məlumat yoxdur. Təxmini hesablamalara görə, iri şəhərlərdə onların sayı yüzlərlədir. Ən güclü etiraz Dağıstandadır. Tətilçilərin liderlərinin sözlərinə görə, burada 40 min maşın işsiz dayanıb. Bu isə, az qala, bütün yük nəqliyyatı deməkdir. Yük maşınlarına «Qazel»lər də qoşulub. Sürücülər «Platon» sisteminin tariflərinin artırılmasına etiraz edirlər. Hökumət aprelin 15-dən bu tarifləri 25 faiz artıracağını elan edib. Bu tarifi «ikinci nəqliyyat vergisi» adlandıran sürücülər onu ödəməkdən imtina edirlər.

Saratov şəhərinin girəcəyində 40-a yaxın maşın dayanıb. Qarajlarda daha çox maşın var. Sürücülər qarajların birində özlərinə mətbəx və«iclas zalı» düzəldiblər. Ərzaqpulu yığırlar. Düşərgədə içki içmək qadağandır. Deyirlər ki, federal hökumət onlara diqqət yetirənə qədər dayanacaqlar. Sürücülər əmindirlər ki, uzun müddət xəttə çıxmasalar, ölkədə malları daşımağa adam qalmayacaq və hökumət onlara diqqət yetirməli olacaq. Onda biznes dayanacaq və «Platon»a etiraz Rusiyanın hər bir sakininə təsir edəcək.

«Ölkədə artıq nəqliyyatda problemlər yaranıb. Bizə zəng vururlar, çox yüksək məbləğlər təklif edirlər, qiymətlər iki dəfə artır», – tətilçilərin Saratovdakı koordinatoru Aleksandr Çerevko deyir.

«Bu gün Dağıstan bizi təəccübləndirdi. Orada yük maşınlarından ibarət 10 kilometrlik kolon yığılıb. Onlar cənub regionlarından qida məhsulları gətirirlər. Yəni, dükanda aldığımız, yediyimiz nə varsa, hamısı oradan gətirilir. İndi onlar tətil etməyə məcburdurlar. Deyiblər ki, axıra qədər dayanacaqlar», - sürücü Dmitri Balandin deyir.

Dağıstandakı tətil ölkədə ən kütləvi tətillərdən biridir. Ancaq rəsmi KİV-lər bu barədə susur. Təkcə sürücülərin özlərinin çəkdikləri videolardan görmək olur ki, OMON onları mühasirədə saxlayır. Hazırda Vladivostokdan Kalininqrada qədər bütün Rusiyada yük maşınları dayanıb. Sürücülər nəqliyyat vergisinin və «Platon» sisteminin ləğvini, hökumətin istefasını tələb edir, prezident Vladimir Putinə etimadsızlıq bildirirlər.

Martın 30-da Yekaterinburqda iri yük maşınlarının icazəsiz avtoyürüşü keçirilib. Ancaq maraqlıdır ki, polis buna görə heç kimi həbs etməyib.Lipetskdə isə hökumət sürücülərin şəhərin mərkəzində mitinq keçirməsini yasaqlayıb. Sürücülərdən biri tənha piket keçirib. O, meydanda axıra qədər dayanacağını deyir.

Sürücülər tətilə qoşulmayıb xəttə çıxanları «siçovul» və «satqın» adlandırırlar. Onları ümumi işdən ötrü birləşmək məqamı gələndə pul qazanmaq fürsəti güdməkdə günahlandırırlar. Belələrinin «qara siyahı»sını düzəldəcəklərini deyirlər.

Bir neçə iri yük maşınının sahibi Sergey Peskov deyir ki, təkcə Krasnoyarskda tətildə 200-dən çox maşın iştirak edir. Həyat yoldaşı və üçuşağı ilə birlikdə 5 nəfərlik ailə başçısı olan Peskov söyləyir ki, sonadək xəttə çıxmayacaq, çünki hökumətə və «Platon»un yeni tariflərinə təslim olsalar, ziyana işləyəcəklər.

«Pulsuz işləmək istəmirik. Yoxsul insanlar iqtisadiyyatı irəli apara bilməz. Biz hər dəfə televizorda eşidirik: «Kiçik biznesə dəstək». Hanı o dəstək?! Ölkədə böhrandır, bizimsə son qəpiyimizi əlimizdən alırlar», – Peskov deyir.

«Platon» tariflərinin ləğvini bütün sürücülər tələb etsə də, heç də hamının etiraza qoşulmaq imkanı yoxdur. Bir çoxlarının heç pulu olmadığına görə işi dayandıra bilmir. Aprelin 15-dən yollardan istifadəyə görə tətbiq olunan «Platon» tarifi 2 dəfə artmalı idi. Ancaq martın 24-də Rusiyanın baş naziri Dmitri Medvedev qiymətləri 25 faiz yüksəltmək barədə kompromis qərar qəbul edib. Hakim «Vahid Rusiya» partiyasındakı mənbə RBK-ya bildirib ki, bu qərarın səbəblərindən biri yük maşını sürücülərinin tətil planlaşdırması olub.

Nəqliyyat naziri Maksim Sokolov jurnalistlərə bildirib ki, hökumət «Platon» tarifi vasitəsilə 2017-ci ildə 23 milyard rubla yaxın vəsait toplamağı planlaşdırır. Bu zaman hökumət sistemi idarə edən, Igor Rotenbergə məxsus operator şirkətinə sabit məbləğ, ƏDV nəzərə alınmadan 10.6 milyard rubl ödəyir. «Platon» bir illik fəaliyyəti ərzində 18 milyard rubl toplayıb.

Hələlik, regionların heç birində hökumət etirazçılarla əlaqə yaratmağa çalışmayıb. Heç bir rəsmi bəyanat verilməyib. Etirazın gedişatınıyalnız polis izləyir. Sürücülər federal KİV-lərin bu miqyasda etirazı işıqlandırmamasından gileylənirlər. Faktiki olaraq, bazar ertəsindən bütün ölkədə yüzlərlə yük maşını xəttə çıxmır. Amma «Platon», hökumət və Putinə qarşı etiraz barədə bir kəlmə belə deyilmir.

Azərbaycanlı sürücülərin yolunu kəsmiş şəxslərin aksiyasının dağıdılması üçün Rusiya ilə Azərbaycan sərhədində baş vermiş hadisə yerinə Rusiyanın xüsusi təyinatlı qoşunları yeridilməlidir. Bunu “Sputnik Azərbaycan”a Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Bakı ofisinin məsul işçisi Əli İsgəndərov deyib.

“Bu hadisələr bizim sürücülərdən də yan keçməyib. Azərbaycanlı yük maşını sürücülərinin 80%-i Rusiya ərazisinə yük daşıyırlar. Rusiyalı sürücülər onları dilə tutublar ki, etiraz aksiyasına qoşulsunlar, belə ki. azərbaycanlı sürücülər də “Platon” sistemi ilə ödəniş etməli olacaqlar”, - İsgəndərov deyib.

Lakin azərbaycanlı sürücülər aksiyaya qoşulmaqdan imtina ediblər. Hazırda sərhəddə yolu kəsilmiş yüzlərlə Azərbaycan yük maşını var. Onların dəqiq sayını heç kim bilmir.

 

“Yaranmış vəziyyətlə bağlı biz Azərbaycanın və Dağıstanın gömrük orqanlarına müraciət etmişik. Bundan savayı, təşkilatımızın Cenevrədəki baş ofisinə müraciət yollamışıq. Sürücülər bizimlə əlaqə saxlayır və vəziyyət barədə məlumatlandırırlar. Deyilənə görə, bunun əvəzini çıxmaq üçün bizim gömrükçülər də Rusiya avtomobillərini saxlamağa başlayıblar”, - İsgəndərov əlavə edib.

RePost.Az

 


Baxış sayı: 6126 | Tarix: 31.03.2017
Bizi Telegramda izləyin: @repostaz