23-31 oktyabr 2023-cü il tarixlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 5 nəfərdən ibarət nümayəndə heyəti AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Qazaxıstan Respublikasına ezam olunmuşlar. Məqsəd Qazaxıstan Respublikasının İdman və Gənclər Nazirliyi və Qazaxıstan Veteranlarının təşəbbüsü ilə keçirilən Beynəlxalq Forumda iştirak etmək, eyni zamanda Turan-Türk Dövlətləri Veteranları Birliyini təsis etmək üçün Beynəlxalq Sazişi imzalamaq olmuşdur.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, e.o. polkovnik Elmar Hüseynovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan AVMVİB Gəncə şəhər şöbəsinin sədri e.o. mayor Bəyanət Qasımov, o cümlədən e.o. polis polkovniki Mübariz Quliyev, e.o. polkovnik Qaçay Aslanov, müharibə veteranı Musa Əliyev Qazaxıstan Respublikasının Almata şəhərinin hava limanında Qazaxıstan veteranlarının sədri Murat Muxametjanov sədr müavini Ayğan Nurbolat Jolboldıulı, ictimai fəal Bağila Baltabayeva, Almata, Astana, Taraz, Şımkent, Türkistan şəhərlərinin veteranları Azərbaycan və Türkiyə nümayəndə heyətlərini türk dövlətlərinin bayraqları altında, hərarətlə və gül-çiçəklə qarşılanmışlar.
Oktyabrın 24-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndə heyətinin başçısı, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynovun, Qazaxıstan veteranlarının sədri Murat Muxametjanovun, Türkiyə Cümhuriyyəti Müharib Qaziləri Dərnəyinin Başkanı Bəyazit Yumuk və Türkiyə Şəhid Ailələri Dərnəyinin sədri Mustafa İşıkın və digər türkdilli dövlətlərinin veteranlar birliyini təmsil edən nümayəndələrin iştirakı ilə Beynəlxalq Forum öz işinə başlamışdır. Tədbir çərçivəsində Beynəlxalq Memorandumun ilkin layihəsi hazırlanmışdır.
25 oktyabr 2023-cü il tarixində Almata şəhərinin ən nüfuzlu mədəniyyət evində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları ilə bəzədilmiş möhtəşəm salonda Turan-Türk dövlətlərinin Veteranlar Birliyinin təsis edilməsinə həsr olunmuş I Beynəlxalq Forum çərçivəsində saziş imzalanmışdır. Forumda Azərbaycan Respublikasından AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Qaçay Aslanov, Mübariz Quliyev, Bəyanət Qasımov, Musa Əliyev, Türkiyə Cümhuriyyətindən Bəyazit Yumuk, Mustafa Işık, o cümlədən Türkiyə Cümhuriyyətinin Almata şəhərindəki konsulu Evren bəy, Azərbaycan Diasporunun Qazaxıstan üzrə sədr müavini Allahverdi Məmmədov, digər türkdilli dövlətlərin veteran birliklərini təmsil edən nümayəndə heyəti iştirak etmişdir. Beynəlxalq Forumda Turan-Türk dövlətlərinin Veteranları Birliyinin təsis olunması ilə bağlı qərar qəbul edilmiş və bununla bağlı türkdilli dövlətlərin veteranlarını təmsil edən səlahiyyətli nümayəndə heyətinin başçıları tərəfindən Beynəlxalq Saziş imzalanmışdır.