Türkiyə polisi PKK terror təşkilatını dəstəkləyən 89 nəfəri saxlayıb.
 
Van Seçki Komissiyasının DEM Partiyadan bələdiyyə sədri seçilmiş Abdullah Zeydanla bağlı qərarını bəhanə edən bir qrup təxribatçı partiya binasının qarşısına toplanaraq yürüş keçirmək istəyib.
 
Lakin yürüşə icazə verilməməsindən sonra qrup ətraf küçələrə dağılaraq ictimai obyektlərə və iş yerlərinə zərər vurub, polisə daş atılıb.
 
Şəhərin müxtəlif yerlərində barrikadalar quraraq avtomobillərə ziyan vuran nümayişçilərə müdaxilə edən polis su şırnağı və bibər qazından istifadə edib.
 
Türkiyə daxili işlər naziri Ali Yerlikaya Vanla yanaşı Hakkari, Siirt, Batman, Şırnak və İzmirdə terror təşkilatı lehinə şüarlar səsləndirən, həmçinin təhlükəsizlik qüvvələrinə hücum edən ümumilikdə 89 nəfərin saxlanıldığını bildirib.
 
Van Valiliyi nümayiş keçirilməsini, həmçinin açıq hava toplantılarını 15 günlük qadağan etdiyini bəyan edib. Həmçinin Valilik və Kaymakamlık tərəfindən icazə verilmədiyi təqdirdə mətbuata açıqlama vermək, anket hazırlamaq, çadır və stend qurmaq, imza toplamaq, elan paylamaq, hər növ etiraz aksiyası təşkil etmək qadağan edilib. Analoji qərar Bitlisdə də qəbul edilib.

Baxış sayı: 13878 | Tarix: 03.04.2024
Bizi Telegramda izləyin: @repostaz