“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyənin Kapadokya Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.
AZAL-dan verilən məlumata görə, sənədi MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov və Kapadokya Universitetinin layihə üzrə məsul rəhbəri, dosent Halil İbrahim Ünser imzalayıblar.
Əməkdaşlıq çərçivəsində Kapadokya Universiteti beynəlxalq standartlara uyğun olaraq AZAL üçün təyyarələrin texniki istismarı üzrə A kateqoriyalı mütəxəssislərin hazırlanmasını həyata keçirəcək. Tərəflər arasında bağlanmış memorandumun əsas məqsədlərindən biri aviasiya sahəsində ölkənin kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.
Kapadokya Universiteti texniki xidmət üzrə təlim təşkilatı qismində təlimlərin keçirilməsi və imtahanların təşkili, həmçinin müvafiq tanınma sertifikatlarının verilməsi üçün Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvafiq təsdiq sertifikatı əldə edib.
AZAL-ın Milli Aviasiya Akademiyası Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.