Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş Azərbaycan-Türkiyə əməkdaşlığına töhfə verməklə yanaşı, türk dünyasının sıx inteqrasiyasına da yol açır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Deputat deyib ki, antimilli ünsürlər son zamanlar yenə də haylarla çiyin-çiyinə verərək Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar: “Cəmiyyətə aşılayırlar ki, guya iki qardaş dövlət artıq fərqli cinahlarda dayanır. Bunun sifarişini verənlərin kimliyi isə heç də sirr deyil. Bu sifarişin arxasında Azərbaycan və Türkiyəni Rusiya ilə toqquşdurmağa çalışanlar durur. Prezident İlham Əliyevin Moskvaya dünənki səfəri də göstərdi ki, onların bu cəhdləri əbəsdir. Bu səfər işgüzar xarakterli olsa da, əslində aramızdakı əməkdaşlığa ağ səhifədən başlanmasının özülünü qoymaqla tarixi önəm daşıyır. Ona görə tarixi önəm daşıyır ki, iki dövlət arasında əlaqələrin dərinləşməsinə maneçilik törədən faktorlar demək olar ki, aradan qalxıb. Mən bu səfər zamanı BAM-ın 50 illik yubiley tədbirlərindən birinin keçirilməsində bir rəmzilik də görürəm”.
Deputat bildirib ki, BAM Ulu Öndərin yüksək təşkilatçılıq bacarığı sayəsində necə ərsəyə gətirildisə, Prezident də Zəngəzur dəhlizini o cür reallaşdıracaq.
Rusiyanın ABŞ və Fransadan fərqli olaraq torpaq bütünlüyümüzü tanıdığını açıq şəkildə dilə gətirdiyini deyən deputatın fikrincə, Moskvanın hərbi kontingentini vaxtından əvvəl Qarabağdan çıxarmağa başlaması isə sözdə deyilənlərin əməldə də sərgilənməsidir.
Sahub Alıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın Qazaxın dörd kəndini, onlardan da qabaq isə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarması, əslində, təkcə Ermənistan yox, həm də beynəlxalq hüququn ancaq özləri istəyəndə işləməsini, digər hallarda BMT-nin bizə bəlli 4 qətnaməsi kimi yerinə yetirilməməsinə göz yumanların üzərində qələbə idi: “Dörd kəndimizin qaytarılmasını Almatı deklarasiyasına bağlayanlar maraqlıdır, 30 ildə niyə bircə dəfə belə həmən sənədin adını çəkmirdilər? Üç ildə nə baş verdi ki, Almatı deklarasiyası yadlarına düşdü?”