Aprel ayının 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun inkişaf etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi ölkə rəhbərinin dövlət sərhədinin mühafizəsinə ali diqqətinin növbəti təzahürü olduğunu bildiriblər. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib. Bildirilib ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.