Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Tofiq Yaqublunun vəkili Nemət Kərimli vəsatət verərək müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarlaraq vəkillərin yanında oturmasını və bundan sonrakı proseslərin böyük zalda keçirilməsini xahiş edib.
Vəsatət qismən təmin edilib.
Hakim bildirilib ki, gələn prosesdən Tofiq Yaqublu vəkillərinin yanında əyləşə bilər: "Məhkəmənin böyük zalda keçirilməsinə gəlincə, proses digər işlərlə üst-üstə düşməyəcəyi təqdirdə o məsələni həll etməyə çalışacağıq".
Daha sonra Tofiq Yaqublunun digər vəkili Aqil Layıc vəsatətlə çıxış edərək müvəkillinin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, bunun təmin olunmayacağı təqdirdə Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan alternativ qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmə baxışı iyunun 21-nə təyin edilib.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq)və 320 (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.