Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Xəzər dənizindən dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb.
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
 
Məlumata görə, iyun ayının 25-də saat 00:17-də Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Xızı rayonu ərazisində sahildən 500 metr məsafədə Şorabad qəsəbəsi istiqamətində sürətlə hərəkət edən 2 ədəd naməlum üzmə vasitəsi müşahidə edilib.
 
Aşkarlanmış hədəflərin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.
 
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, o cümlədən sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsinin şimal istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri və uzun sürən təqiblər nəticəsində saat 02:48-də sərhədçilərin qanuni tələbinlərinə tabesizlik göstərərək narkotik vasitələri dənizə atıb ərazidən uzaqlaşmağa cəhd edən sərhəd pozucularının saxlanılması məqsədi ilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib.
 
Nəticədə layner tipli itisürətli üzmə vasitələrindən biri 2 nəfər heyət üzvü ilə birlikdə, ikinci üzmə vasitəsinin isə heyət üzvlərindən biri saxlanılsa da, digəri itkin düşüb.
 
Gəmi heyəti tərəfindən yaralı sərhəd pozucularına ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslaşmış tibb müəssisəsinə təxliyə ediliblər.
 
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Gülüstan əyalətinin Bender-Türkmən şəhər sakinləri 1984-cü il təvəllüdlü Behman Qasim, 1983-cü il təvəllüdlü Nuri Nurməmməd Bəhrəmxalid, 1984-cü il təvəllüdlü Rəhim Ounek Anna olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
 
Davam edən əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının mütəşəkkil qaçaqmalçı qrupunu qarşılamaq niyyəti ilə həmin əraziyə dənizin sahilinə gəlmiş Azərbaycan Respublikası vətəndaşları 1982-ci il təvəllüdlü Əliyev Elxan Nadir oğlu və 1976-cı il təvəllüdlü Memmədova Esmira Gülağa qızı saxlanılıb.
 
Hazırda Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri və dalğıclar tərəfindən digər itkin düşmüş sərhəd pozucusu İran İslam Respublikası vətəndaşı 1985-ci il təvəllüdlü Həmid Vəkilinin və dənizə atılmış digər maddi sübutların axtarışı həyata keçirilir.
 
Fakt üzrə Baş Prokurorluqla birgə əməliyyаt-istintaq və axtarış tədbirləri dаvаm еtdirilir.

Baxış sayı: 7646 | Tarix: 25.06.2024
Bizi Telegramda izləyin: @repostaz