Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli Qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” qanuna, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
 
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən, “Naxçıvanbank” ASC-yə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə (BOKT) kreditlərin verilməsi üçün lisenziya verilib.
 
Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə "Naxçıvanbank” ASC tərəfindən icra edilib.
 
Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə və Bakı şəhərində yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.
 
Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçib.
 
“E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında həyata keçirəcək.

Baxış sayı: 16519 | Tarix: 25.07.2024
Bizi Telegramda izləyin: @repostaz