Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
 
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə bu cür görüşlərin zəruriliyini qeyd ediblər.
 
Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər.
 
İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5119 | Tarix: 10.09.2024
Bizi Telegramda izləyin: @repostaz