Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib.
 
Bu barədə Azərbaycan MN-in məlumatında deyilir.
 
Məlumata görə, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə cənab İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.
 
Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin dadavamlı olaraq inkişaf etdiyini qeyd edib.
 
Azərbaycanın müdafiə naziri bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
 
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.
 
Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Baxış sayı: 5043 | Tarix: 10.09.2024
Bizi Telegramda izləyin: @repostaz