Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Boya istehsalı sexində baş vermiş yanğını ətraf ərazilərə yayılmasına imkan vermədən məhdudlaşdırıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, havaya yayılan qara tüstü axını ilə bağlı havanın çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə mütəxəssislər tərəfindən atmosfer havasından xüsusi cihazlarla nümunələr götürülür.

Yanğın zamanı obyektin həyətində olan bir neçə avtomobil yanıb.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib. Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb (Report).


Baxış sayı: 3998 | Tarix: 27.09.2024
Bizi Telegramda izləyin: @repostaz