Nərimanov rayonu, Əhməd Rəcəbli ilə Valeh Əmirsalahov küçələrinin kəsişməsində yaşayan sakinlər ərazidə yaranmış zibillikdən narazıdırlar.
Sakinlərin sözlərinə görə, həyətlərində yerləşən zibil qutuları uzun müddətdir vaxtında boşaldılmır, nəticədə ətraf daimi olaraq tullantılarla dolub-daşır. Zibilin yığılmasına nəzarətin olmaması həm sanitar vəziyyəti pisləşdirib, həm də məhəllədə üfunətli qoxunun yaranmasına səbəb olub.
Narazı sakinlər bildirirlər ki, zibilliyin ətrafında siçovullar çoxalıb, bu isə artıq epidemioloji təhlükə yaradır. Onların iddiasına görə, bəzi hallarda ölmüş küçə heyvanları da həmin zibil qutularına atılır.
“Artıq uşaqlarımız həyətə çıxmağa qorxur, qapımızın ağzı zibilliyə dönüb. Sanki Balaxanı zibilliyini bura köçürüblər,” – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı sakinlər aidiyyəti qurumlardan təcili tədbir görülməsini, ərazidə daimi təmizlik və dezinfeksiya işlərinin təşkilini tələb edirlər.