“Azərbaycan Hava Yolları” QSC-yə 2017-ci ildə dövlət büdcəsindən 10 010,0 min manat subsidiya ayrılması nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin büdcəsinin icrasından 933,0 min manat və ya 10,3% çox, cari ilin təsdiq edilmiş büdcəsinin müvafiq göstəricisinə bərabərdir.

REPOST.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

"Dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə qalması ilə bağlı dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiyanın azaldılmaması güzəştdən istifadə edənlərin statusu, sosial müdafiəsi, habelə Naxçıvan MR-nın iqtisadi blokada şəraitində olması ilə əlaqədar olaraq qeyd edilən məqsədlərə aviabiletlərin güzəştli qiymətlə satışının zəruriliyi ilə bağlı olub", - məlumatda qeyd olunub.

2017-ci ilin layihəsində “Azərbaycan Hava Yolları” QSC üzrə vəsait tam məbləğdə iqtisadi təsnifatın "Subsidiyalar və cari transfertlər" bölməsində proqnozlaşdırılıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılan bu subsidiya Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan MR-ə həyata keçirilən aviareyslər üzrə aviabiletlərin güzəştli qiymətlərlə satışından hava nəqliyyatının sərnişin daşımalarında yaranan zərərin ödənilməsi üçündür.

REPOST.AZ


Baxış sayı: 5518 | Tarix: 27.11.2016
Bizi Telegramda izləyin: @repostaz