Hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır. Onların vəziyyəti orta ağır və yüngül qiymətləndirilir”.

RePost.Az xəbər verir ki, bunu AzVision.az-a Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib.

Onun sözlərinə görə, xəstəxanaya daxil olan uşaqların çoxu bu gün evə buraxılacaq. N.Baxşəliyev qeyd edib ki, ötən gün ərzində 11 uşaq xəstəxanaya gətirilib. 

Şöbə müdiri hesab edir ki, uşaqlarda işləmə və qusmanın baş verməsinin səbəbi mövsümlə əlaqədardır.

“Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlardan soruşuram, deyirlər ki, tut, gilas yeyib, üstündən soyuq su içiblər. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümü xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər”.

N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər Xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib. 

“Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Narahatlığa əsas yoxdur”.

Xatırladaq ki, son bir neçə gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər.

Uşaqlarda aşkarlanan infeksiyaların sudan olduğu iddialarına rəsmi açıqlama yayan “Azərsu”  Açıq Səhmdar Cəmiyyəti (ASC)  uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.

Dörd gündür gündəmi məşğul edən bu mövzu hər kəsin təlaşına səbəb olub və hamı əsl səbəbin nə olduğunu öyrənmək istəyir. 

Belə bir məqamda Azad İstehlakçılar Birliiynin sədri Eyyub Hüseynovun məsələni su filtr şirkətlərinə yönləndirməsi bir qədər şübhələrə səbəb olub.  Eyyub Hüseynov Teleqraf.com-a açıqlamasında  “Su filtrləri satan şirkətlər əhaliyə filtrlərdən keçirilmiş suyun bulaq suyundan fərqlənmədiyini deyirlər.

Həmin qurğular 1400 manata satılır. Bir müddət sonra filtrdən keçirilmiş sudan içən insanların səhhətində narahatlıq yaranır. Filtrləri geri qaytarmağa isə şirkət razılaşmır.

Şirkətin əməkdaşları Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanununun tələblərini pozurlar. “Azərsu” bu anti-reklama biganə qalır”,- deyə bildirib.

Məsələ ilə bağlı RePost.Az su filtr şirkətlərinin münasibətini öyrənməyə çalışıb.

Su təmizləyici qurğuların satışını həyata keçirən Dinamik Ocean  şirkətinin meneceri  Samir Məmmədov mövzu ilə əlaqədar su filtr şirkətlərinin səbəb göstərilməsinə cavab verib. 

"İstehlakçıların hüquqlarını qoruyan belə nüfuzlu bir qurumun sədri zəhərlənmə hadisəsindən sonra nəyə görə belə açıqlama versin ki? "

"Baş verənlərin əsas səbəkarı kimi su təmizləyici qurğuların quraşdırmasını həyata keçirən firmaların göstərilməsi bizi məyus edən digər bir hadisə oldu. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tərəfindən informasiya agentliyinə verilmiş müsahibəsinə gəlincə onu qeyd edək ki, bu müsahibənin nə zaman, daha doğrusu bu hadisədən öncəmi və ya sonramı verildiyi də bizə məlum deyil. Çünki verilən müsahibə ilə baş verənlər arasında məntiqi bir əlaqənin olmadığı açıq müşahidə olunur.

Bu arqumentimizi gücləndirən digər bir məqam isə odur ki, Eyyub Hüseynovun bu hadisədən sonra su təmizləyici qurğuları anti-reklam etməsi üçün hər hansı məntiqi bir əsas görmürük. İstehlakçıların hüquqlarını qoruyan belə nüfuzlu bir qurumun sədri zəhərlənmə hadisəsindən sonra nəyə görə belə açıqlama versin ki? 

Bilməyinizi istəyirik ki, biz su təmziləyici qurğuları təklif edərkən, Dövlət qurumları tərəfindən verilən suyun standartlara cavab verdiyini dəfələrlə istifadəçilərə vurğulayırıq. Eyni zamanda su hövzələrində kifayət qədər müasir və təchizatlı su təmizləmə sistemlərinin quraşdırıldığını da bildirirk. Məsələ burasındadır ki, suyun hövzədən mənzillərə ötürülməsi zamanı borulardakı qalıqların mənzillərə su ilə daşına bilmə ehtimalını bildirir və tam sığortalanmaq üçün su təmizləyici qurğuları təklif edirik. 

Zəhərlənmə ilə bağlı onu qeyd etmək istərdik ki, dövlət qurumları tərəfindən aparılan araşdırmanın yekununu bilmədən hər hansı bir şey söyləmək doğru olmazdı. Valideynlərin zəhərlənməyə səbəb kimi suyu göstərməsinə baxmayaraq, biz vaxtından əvvəl belə bir iddia ortaya atmaq istəməzdik. Bu insanlarda yanlış təsəvvür yarada bilər. Əgər bu hadisənin su üzündən baş vermiş olması təsdiqini tapmış olsa belə bu bizim mövqeyimizi dəyişdirməyəcək. Çünki həqiqətən  Azərsu ASC-nin əhaliyə standartlara cavab verən su verdiyinə inanırıq. Belə olan halda yaranmış vəziyyətin borulardakı qalıqlar üzündən baş verdiyini düşünəcəyik".

 


Baxış sayı: 3789 | Tarix: 12.06.2017
Bizi Telegramda izləyin: @repostaz