Cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7 722,8 mln. manat, xərcləri 8 193,9 mln. manat olub, 471,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin altı ayında dövlət büdcəsinin mədaxili proqnoza nisbətən 102,3% və yaxud 7 722,8 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrünə nisbətən 25,9% və ya 1 589,0 mln. manat çoxdur.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,5% icra edilməklə dövlət büdcəsinə 3 353,0 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 162,9 mln. manat çoxdur.
Həmin vəsaitin 71,7%-i və ya 2 404,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Cari ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 111,9% əməl edərək dövlət büdcəsinə 1 169,2 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% və yaxud 173,8 mln. manat çoxdur.
Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertdən 59,0 mln. manat az və ya 2 991,0 mln. manat istifadə edilib.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 151,0 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% və yaxud 23,7 mln. manat çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 58,6 mln. manat vəsait daxil olub.
Bu ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4 131,1 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,3% və ya 1 675,8 mln. manat çoxdur.
Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,2% və yaxud 8 193,9 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,1% və ya 1 372,4 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 42,7%-i və yaxud 3 499,9 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% və yaxud 541,4 mln. manat çoxdur.
Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 397,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1 180,8 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 41,5 mln. manat vəsait yönəldilib.
Ötən ilin altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 4 281,2 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0% və ya 83,1 mln. manat çoxdur.
Bu ilin altı ayında dövlət büdcəsində 471,1 mln. manat büdcə kəsiri (defisit) yaranıb. Dövlət büdcəsinin kəsiri əsasən 2017-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 11 606,1 mln. manat, icmal büdcənin xərcləri isə 11 507,1 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 99,0 mln. manat təşkil edib.
RePost.Az