“ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək ölkələrin adları məlum olub.
RePost.Az xəbər verir ki, 81 ölkənin vətəndaşı “ASAN Viza” sistemindən istifadə edərək Azərbaycana səfər edə biləcək. Onlar aşağıdakılardır:
Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Bruney, Cənubi Afrika Respublikası, Çexiya, Çili, Çin Xalq Respublikası, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta-Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Monteneqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb, prezidentinə təqdim etməlidir. “ASAN Viza” sistemi vasitəsilə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi təmin edilir.
Fərmanla müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.