ARB-nin elan etdiyi “Xalqın şairi”nin maraqlı və faydalı bir layihə olacağı indidən görünür. Hələlik, əsas səs-küy münsiflər heyəti ətrafındadır. 
Çoxu əsəbiləşib ki, eyvah, Elza Seyidcahanın bu heyətdə nə işi var?!
 
Mənsə məsələyə azacıq ədəbiyyatşünaslıq səmtindən yanaşacam. Fikrimcə, üzvlər dəqiqliklə və uğurla seçilib. 
 
Onların hərəsi poeziyamızın bir qolunu təmsil edir: Aşıq Əhliman, ləqəbindən də göründüyü kimi aşıq şerini, Baba Vəziroğlu əruzdan hecaya keçid edib Səməd Vurğunla zirvəsinə çatmış ənənəvi poeziyamızı, Qulu Ağsəs şeirimizdə 80-ci illərdən Ramiz Rövşənin şeirləri ilə start götürmüş yeni meylləri... 
Amma bizdə şeir və şairlik söhbəti bununla bağlanmır axı. 
 
Bunun xoşvaxtlığın qafiyəsini axtaran şair Moşusu var, yazdığı hər zoğallamanı şeir bilib ağır-ağır kitablar bağlatdıranları var, sərbəst şeir adı altında Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanları var, bu sərbəst “şeirləri” bəh-bəhlə oxuyanları var, həmin şeirlərə mahnı bəstələyənləri var. Var ki, var.... 
Allah dadınıza yetsin, bax indi Elza Seyidcahan o müsabiqədə bu kütləvi poetik “cərəyan”ın təmsilçisi olmasınmı?!
 
Əgər bu gün onun şeirləri xalq arasında hamıdan çox müzakirə olunursa, Elza xanım “Xalqın şairi” adını bütün şüarəlarımızdan daha çox haqq edir. 
 
Və bu, bir şoudur. 
 
“Yaşıl eynəkli adam”dakı məşhur rejissor aerobika müəlliminə deyirdi ki, “Ayə, hanı bu aerobikanın duzu-istiotu?!”.
Elza xanım da öz obrazı ilə bu müsabiqəyə dad qatacaq. Belə fəndlərə əl atmasan, şeiri səs-küylü şoulara, mahnı mətnlərinə bükməsən, hazırlıqlı seyrçi gedib yenə İlqar Fəhminin “Məclisi üns”ünə baxar. Hazırlıqsız tamaçaşı isə yenə meyxana dinləyər. 
Xülasə, müsabiqə təşkilatçılarına uğurlar, şairlərə təb, münsiflərə ədalət. 
 
Yeganə tənqidim müsabiqənin radio reklam çarxı ilə bağlıdır. Orada şair sözü, brend, marka kimi təqdim olunur. 
Bizim Füzulidən böyük şairimiz olmayıb, o da yazırdı, “Aldanma ki, şair sözü, əlbəttə yalandır”. 
Daha bunun harası marka oldu?!
 
Yadigar Cəfərli

Baxış sayı: 3656 | Tarix: 31.08.2017
Bizi Telegramda izləyin: @repostaz