Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui qəsd gecəsi müdhiş təsadüf diqqətdən qaçmayıb. RePost.az-ın "Hürriyət"ə istinadla verdiyi məlumata görə, ötən gecə sui qəsddən öncə Rusiya prezidenti Vladimir Putin Moskvadakı teatrlardan birində tamaşa izləməyə getməli idi. Səhnələşdirilən əsərin müəllifi isə 19-cu əsrin əvəllərində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyedov olub.
Maraqlıdır ki, Qriboyedov 1829-cu ildə diplomatik qalmaqal zamanı səfirliyə hücum edən bir qrup iranlı tərəfindən qətlə yetirilmişdi. Rus qaynaqlar bu basqının arxasında ingilis casusların olduğunu iddia etmişdilər.
Bu təsadüf "Financial Times"ın Moskva müxbiri olan Maks Seddonun diqqətini çəkib. Seddonın bu haqda "tweet"i sosial şəbəkələrdə yüzlərlə insan tərəfindən paylaşılıb.
"Malıy teatr"ın binası restavrasiyadan sonra müəllifin "Ağıldan bəla" əsəri ilə açılışını etməli idi. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov dövlət başçısının əgər vaxtı qalarsa açılışa gedəcəyini təsdiqləmişdi. Lakin səfirin qətlə yetirilməsi xəbərindən sonra Putin proqramını dəyişib və tamaçamı izləməyə getməyib.
Bu barədə "Komsomolskaya pravda"nın müxbiri Dmitri Smirnov öz səhifəsində yazıb.
Qeyd edək ki, bu gün Moskvada Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin görüşü olmalıdır. Üçtərəfli zirvə toplantısında Suriyadakı vəziyyət müzakirə edilməli idi.
RePost.az