Azərbaycanın yeni neft strategiyası tərəqqi və inkişaf konsepsiyasıdır


Bunu SOCAR prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyib.

O bildirib ki, güclü, getdikcə daha da qüdrətlənən, sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, tarix üçün çox qısa müddətdə beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmiş Azərbaycan bu gün öz qədim tarixinin ən şərəfli dövrlərindən birini yaşayır: "Ölkədə müasirləşmə prosesləri, abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifahında hiss olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası bu intibahın etibarlı təməlini təşkil edir. Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə dinamik inkişaf yolunda inamla irəliləyən suveren və demokratik bir respublikaya çevrilməsi, milli maraqlarını yüksək səviyyədə təmin etməklə, beynəlxalq nüfuzunu möhkəmləndirməsi böyük ölçüdə məhz həmin qalibiyyətli strateji kursun bəhrələridir. Mahiyyət etibarı ilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, Prezident İlham Əliyevin dediyi kimi, "Neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır".

R.Abdullayev qeyd edib ki, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə "Əsrin müqaviləsi" adı ilə əbədilik həkk olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı və ötən müddətdə həqiqətən də epoxal önəm daşıdığını təsdiqlədi: "Əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Vətənimizə cəlb etdi. "Əsrin müqaviləsi" gözlənilən və gözlənilməyən maneələrə rəğmən, uğurla işlədi və ölkənin sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdirir".
Azərbaycanın sürətli inkişafına yönəlmiş bu hərtərəfli strateji kurs sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan ölkəmiz enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş "Əsrin müqaviləsi" çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı. Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranmışdır. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağı, orta səviyyəli "Əşrəfi" və "Qarabağ" yataqları aşkar edilmiş, "Abşeron" və "Ümid" yataqlarının işlənilməsinə başlanılmışdır".

O bildirib ki, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir: "Ötən müddətdə aparılan kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan vermişdir. Yaxın aylarda biz Azərbaycanda neft hasilatının 2 milyard tona çatacağını gözləyirik. Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və "Şahdəniz" yatağından əldə olunur. Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq bu layihə üzrə yeni HPBS-nin imzalanması üçün tərəfdaşlarla müzakirələr aparmış və "Neftçilər günü" ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır. Prezident İlham Əliyev imzalanma mərasimində etdiyi nitqdə Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün yeni sazişin çox böyük əhəmiyyətə malik olduğunu söyləmişdir. Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard ABŞ dolları həcmində bonus ödəniləcəkdir. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın AzAÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Hasilat göstəricilərindən danışarkən SOCAR-ın öz müəssisələrində çıxarılan məhsulun bu həcmlərin əhəmiyyətli hissəsini təşkil etdiyi qeyd olunmalıdır. Ötən il ölkə üzrə hasil olunan 41 milyon ton neftin 7,5 milyon tonu, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri, habelə bu ilin 8 ayında çıxarılmış 25,6 milyon ton neftin 5 milyon tonu, 18,7 milyard kubmetr qazın isə 4 milyard kubmetri SOCAR tərəfindən hasil edilmişdir. Yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır. Odur ki, qazmada müsbət dinamika əldə edilməsi şirkətin prioritet fəaliyyət istiqamətlərindəndir. 2017-ci ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülmüş və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. "Ümid", "Günəşli", "Çilov", "Neft Daşları", "Darvin bankası", "Bulla-dəniz", "Qərbi Abşeron", quruda yerləşən "Qaradağ", "Pirallahı", "Səadan" yataqlarında qazma işləri uğurla davam etdirilir. Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Son illər ərzində Azərbaycanda qaz hasilatı artaraq ildə 29 milyard kubmetr səviyyəsini ötmüşdür. Neft ölkəsi kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan "Şahdəniz" yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək "Şahdəniz" yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 mln ton kondensat çıxarılıb".

SOCAR prezidenti vurğulayıb ki, qarşıda bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir: ""Şahdəniz-2" çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. "Şahdəniz-2" layihəsi çərçivəsində əldə etdiyimiz uğurlardan biri də "Xankəndi" sualtı tikinti gəmisinin inşası oldu. Qeyd etmək lazımdır ki, "Xankəndi" gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 faizini yerli mütəxəssislər təşkil edib. Gəmi 2017-2027-ci illərdə "Şahdəniz-2" layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcək. Yeri gəlmişkən, Bakı Gəmiqayırma Zavodu istismara verildiyi 2013-cü ildən bu yana 25 min ton yükqaldırma gücünə malik "28 May" üzən dokunu, 50 ton dartı qüvvəsinə malik "SOCAR-1" yedək gəmisini, "Zəfər", "Üfüq" və "Turan" sərnişin gəmilərini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və üst bloklarını inşa etmişdir. Zavod "Şahdəniz-2" layihəsi çərçivəsində bir neçə gəminin, o cümlədən "İsrafil Hüseynov" borudüzən, "Tofiq İsmayılov" dalğıc, "Gilavar" tədqiqat, "Azərbaycan" kran, "Caspian Endeavour" və "Seabed Supporter" təchizat gəmilərinin, habelə "Dədə Qorqud" yarımdalma qazma qurğusunun təmir və yenilənməsini uğurla həyata keçirib. Qeyd edək ki, zavodda "Şahdəniz-2" üzrə planlaşdırılan işlər qrafikə uyğun olaraq davam etdirilir. Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədi ilə SOCAR xarici tərəfdaşları ilə birlikdə "Ümid", "Abşeron" və digər yataqlarda məqsədyönlü işlər aparır. "Ümid" yatağı "Şahdəniz"dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki, yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir. Yataqda 3 istismar quyusu qazılaraq işlənilməyə verilmiş, indiyədək 1486,6 mln kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilmişdir. Ötən il qazılmış 14 №-li istismar quyusundan alınan müsbət nəticə yatağın şimal-qərb hissəsində yeni platformaların quraşdırılmasına əsas verir".

O əlavə edib ki, geoloji tədqiqatlar bu yatağın yaxınlıqda yerləşən "Babək" strukturuna bağlı olduğunu göstərmişdir: ""Ümid" yatağı və "Babək" strukturunun birgə işlənilməsinin effektiv təşkili üzrə Risk Xidmət Sazişi imzalanmışdır. 2018-ci ildə "Babək" strukturunda kəşfiyyat işlərinin başlanılmasına hazırlıq görülür. Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat mənbələrindən olan "Abşeron" yatağında Fransanın "Total" şirkəti ilə birlikdə müvəffəqiyyətlə çalışırıq. Yatağın işlənmə layihəsi üzrə inkişaf proqramının cari ildə başa çatdırılması və yekun investisiya qərarının verilməsi məqsədi ilə hazırlıq işləri sona çatmaq üzrədir. Qazma işlərinin yaxın zamanlarda Heydər Əliyev adına üzən qazma qurğusu vasitəsi ilə başlanılması planlaşdırılır. Proqnozlara əsasən, ilk quyu 2019-cu ildə sutkalıq 4 milyon kubmetr qaz hasilatı ilə istismara verilməlidir. Həmin il "Abşeron" yatağından ilk faza çərçivəsində 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir. Qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynamışdır. Son illər "Bulla-dəniz" yatağında qazılmış 90, 124 və 125 nömrəli quyulardan alınan nəticələr Məhsuldar Qatın alt şöbələrində perspektivliyin böyük olduğunu təsdiq etmişdir. Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsi ilə 339,6 milyon ton Azərbaycan nefti nəql olunmuşdur. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft həcmləri də dünya bazarlarına nəql edilir. Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini - "Cənub qaz dəhlizi"ni həyata keçiririk. Bu, "Şahdəniz-2" və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Aİ ölkələrinə daşınması məqsədi ilə yaradılan nəhəng infrastruktur zənciridir. "Cənub qaz dəhlizi" layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. "Cənub qaz dəhlizi" layihəsi Azərbaycan, region ölkələri, eləcə də Aİ üçün böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəmərinin (TAP) inşası layihələri təməli 2014-cü ildə qoyulmuş "Cənub qaz dəhlizi" zəncirinin halqalarını təşkil edir.
Azərbaycan və Gürcüstan əraziləri boyunca CQBK-nın genişləndirilməsi üzrə işlərin 90 faizi artıq yerinə yetirilib. Hazırda bu kəmərlə "Şahdəniz" qazı Gürcüstan və Türkiyəyə nəql olunur. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və infrastruktur inşa olunur. Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanmışdır. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.
Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər iştirak etdiyimiz regional və qlobal əhəmiyyətli layihələrdə şirkətimizin mövqelərini möhkəmləndirmişdir. Prezident İlham Əliyev daim SOCAR-ın xarici tərəfdaşlarla, xüsusilə BP ilə əməkdaşlığını yüksək qiymətləndirir. Həm investor, həm də kontraktor şirkətləri ilə əməkdaşlığımız sağlam təməllər və qarşılıqlı faydalı maraqlar üzərində qurulmuşdur".

R.Abdullayev deyib: "Ölkədə qaz hasilatının artımı əhali və sənayenin təbii qaz təminatında ciddi dönüş etmək üçün mühüm əsas olmuşdur, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində 40 yaşayış məntəqəsinə təbii qaz verilmiş, əhali kateqoriyasına aid daha 57376 abonent təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 2 milyon 62 mini keçmişdir. Cari ildə 958,3 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 143,3 kilometr uzunluğunda kəmərlər isə əsaslı təmir edilmişdir. Ötən il ərzində 7805,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 279,4 kilometr uzunluğunda kəmərlər əsaslı təmir edilmiş, 209 yaşayış məntəqəsinə təbii qaz verilmişdir. Respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə aparılan işlər uğurla davam etdirilir. Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Dövlət başçısı tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Mövcud qrafikə uyğun olaraq, sentyabrın 1-i tarixinə yeraltı qaz anbarlarına 1,4 milyard kubmetr həcmində mavi yanacaq vurulub. Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir.
Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Neftayıranlar həmişə olduğu kimi, bu gün də mühərrik yanacaqları istehsalının artırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində uğurla çalışırlar. Emal kompleksində texnoloji proseslərin yeniləşdirilməsi və optimallaşdırılması daim diqqət mərkəzindədir və mövcud texniki baza əsasında mühərrik yanacaqlarının keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl iş aparılır. Neft-kimya sənayesinin inkişafında müsbət dinamika əldə olunub və son illər sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə davam edir. Bütün proses respublikanın yüksək keyfiyyətli neft və neft-kimya məhsullarına olan tələbatının ödənilməsinə, ixrac öhdəliklərinin yerinə yetirilməsinə yönəlmişdir. "Azərikimya" İB-də aparılan yenidənqurma işləri eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu, SOCAR-Polimer layihələrinin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. SOCAR Azərbaycanla yanaşı, Türkiyədə də mühüm neft-kimya layihələri həyata keçirir. Qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olan "Petkim" SOCAR-ın idarəçiliyində ilbəil uğurlu nəticələr qazanır.
İnteqrasiya zəncirində vacib halqalardan birini təşkil edən konteyner limanının inşası üzrə Hollandiyanın "APM Terminals" şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Müqaviləyə əsasən, liman 28 il müddətində bu şirkət tərəfindən idarə olunacaqdır. Bu gün SOCAR Gürcüstanın regional qaz təchizatında və neft məhsullarının pərakəndə satış bazarında əhəmiyyətli paya malikdir.
SOCAR-ın İsveçrədə öz treydinq şirkətini yaratması qabaqcıl beynəlxalq neft şirkətlərinin təcrübəsinə uyğundur və ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində Azərbaycanın payına düşən mənfəət neftinin əhəmiyyətli dərəcədə artmasından, həmin həcmlərin səmərəli şərtlərlə satışının təşkil olunması zərurətindən irəli gəlmişdir. SOCAR İsveçrə, Rumıniya və Ukraynanın pərakəndə neft məhsullarının satışı bazarlarında da uğurla çalışır. Ölkəmizdə neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. SOCAR ölkə daxilində və xaricdə başladığı çoxsaylı investisiya layihələrini qarşıdakı illərdə də inamla davam etdirmək, daha böyük uğurlar qazanmaq məqsədi ilə müasir biliklərə yiyələnmiş, daha çevik və yaradıcı düşüncəli, perspektivli kadrların hazırlanması sahəsində icra etdiyi proqramlarla gənclərimiz arasında böyük rəğbət qazanmışdır. Prezident İlham Əliyevin dediyi kimi, neft gəlirləri məqsəd deyil, xalqımızın maddi rifah halının davamlı olaraq yaxşılaşdırılması üçün bir vasitədir. SOCAR bu prinsipi əldə rəhbər tutaraq sosial fəaliyyətlərini durmadan genişləndirir. Dövlətimiz daim neftçi əməyinə yüksək dəyər verir, neft-qaz sənayesinin inkişaf və yüksəlişi, neftçilərin həyat şəraitinin yaxşılaşması üçün önəmli addımlar atır. Prezident hər il olduğu kimi, bu il də sərəncamlar imzalayaraq, neftçilərin peşə bayramı ərəfəsində onların böyük bir qrupunu dövlətimizin ali mükafatları ilə təltif etdi. Neftçi əməyinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin müdrik başçısına dərin və sonsuz minnətdarlığımızı bildirir, onu əmin edirəm ki, SOCAR-ın əməkçiləri Prezidentin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər. Qarşıdakı illər üçün başlıca hədəflərimiz dəqiq müəyyənləşdirilmişdir və çoxminli neftçilər ordusu həmişə olduğu kimi, göstərilən hədəflərə doğru inam və qətiyyətlə irəliləyəcək, Vətənimizin qüdrətinin daha da möhkəmlənməsi naminə yeni-yeni qələbələrə imza atacaqlar".

 

 

Baxış sayı: 4568 | Tarix: 20.09.2017
Bizi Telegramda izləyin: @repostaz