Dövlət Miqrasiya Xidmətinin Bakı regional miqrasiya idarəsində “Həyat” Humanitar Dəstək İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə dair” mövzusunun müzakirəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təşkil olunub.
“Həyat” təşkilatının sədri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri və layihə əlaqələndiricisi Azər Allahverənov layihə barədə məlumat verib və bildirib ki, miqrant kateqoriyasına aid edilən həssas qrupların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiyası mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə müvafiq qurumların həyata keçirdiyi dövlət siyasətinə vətəndaş cəmiyyəti institutları tərəfindən zəruri dəstəyin göstərilməsi olduqca vacibdir. Şura sədri Azərbaycanda əmək miqrasiyası ilə bağlı mövcud qanunvericilik, o cümlədən əmək kvotası, statistik rəqəmlər, dövlət və qeyri-hökumət, habelə beynəlxalq təşkilatların fəaliyyətləri barədə danışıb və qeyd edib ki, istər təmsil etdiyi ictimai birlik, istərsə də İctimai Şura miqrasiya sahəsində geniş əməkdaşlıqda maraqlıdır və buna hazırdır.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini və əmək miqrasiya üzrə işçi qrupunun rəhbəri Kəmalə Məmmədova ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquq və vəzifələri barədə danışıb və əmək vizasının tətbiqi ilə bir sıra təkliflərlə çıxış edib. İşçi qrupunun rəhbəri K.Məmmədova əməkçi miqrantların əmək fəaliyyətinin tənzimlənməsi ilə bağlı icra olunan strategiyanın aktual aspektlərinə toxunub.
“Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı onun təmsil etdiyi quruma əcnəbilər tərəfindən edilən müraciətlər, xüsusilə də əcnəbi miqrantları, vətəndaşsızlıqdan əziyyət çəkən insanları narahat edən məsələlər barədə məlumat verib və bu kimi məsələlərin İctimai Şuranın nəzarətində saxlanılmasının vacibliyini vurğulayıb.
“Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov ölkə ərazisinə gələn əcnəbi miqrantları onların hüquq və vəzifələri ilə yanaşı həm də Azərbaycanın tarixi və mədəniyyəti, Azərbaycan xalqının əxlaqi və mənəvi dəyərləri mövzusunda da maarifləndirməyə ehtiyac olduğunu bildirib.
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (Avstriya) Azərbaycandakı ofisinin rəhbəri Elnur Nəsibov icra etdiyi “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin ayrı-ayrı komponentləri barədə məlumat verib və ölkə ərazisində yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı zəruri tədris proqramının, həmçinin peşə təhsilinin beynəlxalq standartlara uyğun təşkilinin vacibliyini qeyd edib.
ARDNŞ rəsmisi Orxan Əliyev, BP Şirkətinin nümayəndəsi Vəfa Mehdiyeva, BMTQAK təmsilçisi Samirə Allahverdiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədr müavini Davud Rəhimli və tədbirin digər iştirakçıları əmək miqrasiyanın aktual məsələləri barədə danışıb, bu sahədə mövcud çətin və mürəkkəb halların aradan qaldırılması ilə əlaqədar təklif və tövsiyələrini bildiriblər.
Geniş müzakirə şəraitində keçən tədbirin sonunda tədbir iştirakçılarına “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə dair” buklet paylanılıb.