Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi, CBC Sport telekanalının əməkdaşı Pərviz Musayev “NLT Telekom” dükanlar şəbəkəsini və “Azercell” telekomu onu aldatmaqda ittiham edir.
 
RePost.Az xəbər verir ki, Pərviz Musayev bu barədə Facebook səhifəsində məlumat yerləşdirib.
 
O bildirib ki, bu ilin yanvar ayında “NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadəm üçün 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfonu alıb.
 
2 gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində yaranmış problemlərlə əlaqədar Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar problemin sırf telefondan qaynaqlandığını bildirdilər. Belədə telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.
 
Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb və ordan da mənə satılıb.
 
Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu “bloklayıb”. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə “blok”dan çıxarıla bilər.
 
Qeyd etmək istəyirəm ki, bundan öncə özüm və ailə üzvlərim üçün bütün telefonları məhz “NLT Telekom”dan almışam və heç vaxt bu cür problemlərlə qarşılaşmamışam. Yeri gəlmişkən, son telefonu aldığımda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb.
 
“NTL Telekom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in “kampaniya telefonu” olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.
 
Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz “NLT Telekom” məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyəti orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəf isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadığını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək.
 
RePost.Az
 

Baxış sayı: 3979 | Tarix: 12.10.2017
Bizi Telegramda izləyin: @repostaz