“Gecə saatlarında Azərbaycanın bir sıra rayonlarında baş verən yeraltı təkanların bir neçə gün davam edəcəyi, daha 5-6 yüngül təkanların olacağı gözlənilir”

RePost.Az xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloj Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, baş verən zəlzələ 5 baldan bir az güclü olub və bu, dağıdıcı gücə malik deyil: “Yeraltı təkanların dərinliyi 25 kilometr olduğu üçün daha geniş əraziləri əhatə edib. Zəlzələnin episentrində 5 bala yaxın hiss olunub. Bizim Ağdamda olan seysmik stansiyamız düz yeraltı təkanların episentrdə, Üçoğlan kəndində yerləşir. Stansiya binasında adi çat belə əmələ gəlməyib. Standartlara uyğun şəkildə tikilən, zədəli halda olmayan yaşayış evlərinin, obyektlərin uçması mümkün deyil. Rayonlarda yararsız hala düşən yaşayış evləri, tikililər əvvəldən zədəli vəziyyətdə olan və ya standartlara uyğun şəkildə tikilməyən tikililərdir. Normal tikililərlədə bu zəlzələ heç bir fəsad törədə bilməzdi”

Q.Yetirmişli onu da qeyd edib ki, bu zəlzələnin İranda baş verən güclü zəlzələ ilə heç bir bağlılığı yoxdur:

“Ağdamda baş verən zəlzələdən sonra enerji boşalması hələ də davam edir. Zəlzələ Qəbələ, Şəki, Ağcabədi, Mingəçevir, Gəncədə də hiss olunub. Lakin dediyim kimi enerji boşalması getdiyi üçün qarşıdakı bir neçə gün ərzində də daha 5-6 yüngül təkanın ola bilmə ehtimalı var. Amma çox zəif dərəcədə hiss olunacaq”. (publika.az)


Baxış sayı: 5765 | Tarix: 16.11.2017
Bizi Telegramda izləyin: @repostaz