Qonşu Rusiya və Gürcüstan ərazilərində mərmər bağacığı zərərvericisinin geniş yayıldığını və Azərbaycan ərazisində də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq əhaliyə xəbərdarlıq edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən RePost.Az-a verilən məlumatda bildirilib ki, insanlar bənzər zərərverici müşahidə etdikdə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməlidir.
Bununla əlaqədar olaraq Dövlət Xidmətinin yerli strukturları gücləndirilmiş iş rejiminə keçiblər və bölgədə bu zərərvericinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə və maarifləndirmə tədbirlərinə başlayıblar.
Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dovrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.
Qeyd edək ki, mərmər bağacığı yarimsərtqanadlılar (Hemiptera) dəstəsinin pentatomidlər (Pentatomidae) fəsiləsinə aiddir. Yaşlı fərdlərin rəngi qəhvəyidir. Çoxillik təcrübələrə əsaslanaraq, zərərverici ilə mübarizə zamanı kimyəvi mübarizədən istifadə olunması tövsiyə edilir və bu ən səmərəli mübarizə tədbirləri sayılır.
Lyambda siqalotrin və bifentrin tərkibli insektisidlər zərərverici əleyhinə mübarizədə səmərəlidirlər. Karate Zeon (lyambda siqalotrin) – 1 ton suya 1 litr (1 l/ha) əlavə olunur və mövsüm ərzində 2 dəfə tətbiq edilir, preparatın təsiri 14 gün davam edir.
Talstar (bifentrin) insektisidindən 1 ton suya 1,2 litr (1,2 l/ha) əlavə edilir və vegetasiya dövründə 1 dəfə istifadə olunur. Bu preparatlar yaz mövsümündə daha səmərəlidirlər.