Ələt-Astara magistralının Salyan ərazisində yerləşən DYP postunda silahlı insident baş verib. 
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə 10 saylı tağıma məxsus DYP postunda qeydə alınıb. Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü  Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.
 
Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb,  araşdırma aparılır.
 
Məlum olub ki, posta silahdan atəş açan şəxs ötən gün Respublika Narkoloji Mərkəzindən buraxılıb. Elə həmin gün Ələt-Astara magistralı ilə idarə etdiyi "10 RS 444" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərkən kamera görüntülərinə düşüb.
 
Salyan DYP postunda “saxlama” əmiri verilərkən polislərin üstünə avtomobili sürən Orxan Bağırov aradan çıxıb. Həmin gün onu saxlamaq mümkün olmayıb. Bu gün isə posta gələrək ötən günün növbətçi YPX əməkdaşlarını axtaran Bağırov silahdan göyə atəş açıb və oranı tərk edib.
 
YPX əməkdaşları Orxan Bağırovun  avtoxuliqanlıq hərəkətlərinin kamera görüntülərini və digər qanunazidd hərəkətləri barədə Salyan polis şöbəsinə müraciət ediblər. Bu gün Salyan polis şöbəsinin YPX və 10 saylı tağımın əməkdaşları ilə birgə Orxan Bağırov saxlanılıb. Qeyd olunur ki, saxlanılan zaman narkotik vasitələrin təsiri altında olan O.Bağırov özünə atəş açmaq istəyib, lakin gülləsi olmayıb.
 
RePost.Az
 

Baxış sayı: 3656 | Tarix: 02.03.2018
Bizi Telegramda izləyin: @repostaz