Milli Məclisin deputatı, Rusiyada işləyən azərbaycanlılarla bağlı verdiyi müsahibədən sonra gündəmə çevrilən Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva Publika.az-a müsahibə verib.
 
RePost.az xəbər verir ki, 69 yaşlı qadın kiminsə onun nömrəsini yaydığını bildirib: “Mənə pis-pis mesajlar yazırlar. Hətta ABŞ, Almaniya, Ukrayna, Rusiya kimi ölkələrdən mənim mobil telefonlarıma mesaj göndərirlər. Hamısı da ağızlarına gələni yazırlar. Bilmirəm ki, mənim nömrəmi kim yayıb.
 
Dava-dərmanla yaşayıram. Axı mənim nömrəmi kim yayıb? Məgər bu adamların anaları, bacıları yoxdur? Heç olmasa, məni onların yerinə qoysunlar. Başqa vaxtı kişilikdən, qeyrətdən danışırlar. Qadına belə mesajlar yazarlar? İnanın ki, mənə yazılan mesajları görəndən sonra halım çox pisləşib. Axı bunu yazanların vicdanı yoxdur, utanmır? Mən onların anaları, nənələri yaşındayam. Mənə niyə “siz pissiniz” yazırlar? Axı mən nə pislik etmişəm?
 
Biz sadə ailəyik. Astan müəllim də sadə həyat tərzi sürür. Məncə, insanlar da hər zaman sadə olmağı bacarmalıdırlar.
 
Solmaz Şahverdiyeva qeyd edib ki, mesajlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib etməyəcəyini dəqiq bilmir.
 
“Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev özünün sosial şəbəkədəki hesabında əmisinin içkili vəziyyətdə müsahibə verdiyini yazıb. Bu nə qədər doğrudur?” sualına deputatın xanımı belə cavab verib:
 
“Mənim elektronikadan, telefonlardan başım çıxmır. Ancaq evdəkilərlə söhbət oldu. Ondan bilirəm ki, qaynım oğlunun profilini sındırıblar, sonra da adından o sözləri yazıblar. Biz onunla əlaqə saxladıq, dedi ki, əmi, o sözləri mən yazmamışam, kimsə adımdan yazıb”.
 
O, qeyd edib ki, millət vəkili müsahibəylə bağlı heç yerə çağırılmayıb və ona töhmət verilməyib:
 
“Bununla bağlı heç bir zəng də olmayıb. Sadəcə olaraq, bu gün Milli Məclisə çağırılıb. Orada da məsələni izah edib. Amma dünən saytlar yazıb ki, guya, Astan müəllimin mandatını alıblar və sairə. Bunlar yalan xəbərdir. Dünən heç yerə çağırılmayıb, getməyib”.
 
RePost.az
 
 

 

Baxış sayı: 4321 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz