Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin görülməsi ilə əlaqədar trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
RePost.Az xəbər verir ki, aprelin 6-dan 7-ə keçən gecə “Azneft” dairəsində tribunanın tikintisi ilə əlaqədar olaraq kiçik radiuslu dairə quraşdırılacaq və burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq.
Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 7-dən 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.
Görülən hazırlıq işləri səbəbindən aprelin 9-u gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bundan başqa, aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar olaraq aprelin 11-dən 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən işlər nəticəsində yaranan müvəqqəti çətinliyə görə üzr istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə şəhər sakinlərinə dərin minnətdarlığını bildirir.
RePost.Az