Bakı-Quba-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu kilometrliyini əhatə edən Gəndob-Quba hissəsinin yenidən qurulmasına başlanıb.
Azərbaycan Avtomobil Yolları Agentliyindən
RePost.Az-a verilən məlumata görə, II texniki dərəcəli olan magistral avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 39 km-lik Gəndob-Quba hissəsində ərazilərdən asılı olaraq asfalt-beton örtükdə deformasiyalar, çökmələr və qabarmalar əmələ gəlib, örtüyün profili itib, çökmələr müşahidə olunur: "Bundan başqa, mövcud avtomobil körpülərinə yanaşmalarda və körpü keçidlərində də asfalt-beton örtük yararsız vəziyyətə düşüb, yol çiyinlərinin eni azaldığı üçün bərpasına ehtiyac yaranıb. Məhz bütün bunlar, həmçinin magistral yolun sözügedən hissəsinin əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib".
Layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kv.m sahədə 20 sm qalınlıqda çınqıldan əsasın alt qatı və 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 sm hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir.
Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kvadratmetr sahə 6 sm qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kvadratmetr sahədə hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlərin 6 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır.
Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.
Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Yolun bərpası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında əraziyə kifayət qədər qüvvə cəlb olunub. Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
RePost.Az