Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.
Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.
Məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib:
“Ümumiyyətlə, Azərvbaycanda heç o qədər QİÇS-ə yoluxan xəstə yoxdur. Bu, sensasiya xatirinə səsləndirimiş qeyri-real rəqəmdir. Bu, həmin blogerin məsuliyyətsizliyindən irəli gəlir. Bilirsiniz, birdən-birə 8 min insanın QİÇS-ə yoluxması fikrini səsləndirmək əslində dezinformasiyadan başqa heç nə deyil. Bunlar Azərbaycanı sevməyən insanların səsləndirdiyi fikirlərdir”.
“2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadınlar, 4204 nəfəri (70 %) kişilərdir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir”.
"Necə oldu ki, 8 min ərəb QİÇS-ə yoluxdu?!"
"Təmiz Dünya" Qadınlara Dəstək İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az-a deyib ki, rəhbəri olduğu qurum seks xidməti göstərən qadınlar arasında zərərin azaldılması proqramını həyata keçirir:
"Onların arasında kifayət qədər təbliğat aparılır, qoruyucular paylanır. Eyni zamanda, bu cür qadınlar vaxtaşırı İİV müayinəsindən keçirilir. Bilirsiniz, iraqlı blogerin səsləndirdiyi rəqəmlər absurddur. Elə bil kimsə oturub ağlına gələn rəqəmi ora yazıb. İkincisi də Avropa ölkələrinin hamısında bu cür xidmət göstərən qadınlar var. Hansı bir ölkədə yoxdur ki? Avropanın mərkəzi şəhərlərində seks xidməti göstərənlər hətta maşınlarının üzərinə nömrələrini qoyurlar. Bu, bütün dünyada olan problemdir. Amma Azərbaycanda İİV-ə yoluxanların sayının şişirdildiyini əminliklə deyə bilərəm. Əgər Azərbaycanda bu qədər xəstəlik baş alıb gedirsə, niyə ərəblər qoruyucudan istifadə etmirlər? Hər il ölkə üzrə epidemoloji nəzarət keçirilir. Bu vaxt hədəf qurupları - narkotik istifadəçiləri, seks xidməti göstərən qadınların hamısı müəyyən olunur. Heç ümumilikdə o qədər xəstə aşkarlanmır. Necə oldu ki, birdən-birə 8 min ərəb SPİD-ə yoluxdu".
"Pintiliklərindən yazmağımız ərəbləri qıcıqlandırıb"
M.Zeynalova qeyd edib ki, əslində, ərəblərin özlərinin azərbaycanlılar arasıda bu xəstəliyi yayacaqlarından narahatdır:
"Ərəblərin xəstəlik mənbəyi olmadığına kim zəmanət verir? Azərbaycan elə bir ölkədir ki, yerindən duran bir daş atmaq istəyir. Son vaxtlar ərəblərin Azərbaycanda istirahət zamanı iyrəncliklərə yol vermələri, səliqəsizliklərilə bağlı mətbuatda məqalələrin hazırlanması bəlkə də onlarda qıcıq yaradıb. Gürcüstanda ərəblərlə bağlı ciddi kampaniya başlamışdı. Bizdə isə onlara "gözün üstdə qaşın var" deyən yoxdur"".
Qanun fahişəlik qarşısında susur...
Hüquq müdafiəçisi deyib ki, Azərbaycan qanunvericiliyi fahişəliyi təqib etmir:
"İnsan haqlarıdır. O, öz bədənini təklif edirsə, bu, onun öz işidir. Yəni sabah seks işçilərini təqib etsələr, onları həbs etsələr, bütün Avropa ayağa qalxacaq. Xatirinzidə olar yəqin, eynicinslilərlə bağlı etiraz başlamışdı. Həmin vaxt bütün səfirliklər ayağa qalxdı ki, onlara təzyiq olunur. Doğrudur, İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr nəzərdə tutulur. Amma kiminsə öz bədənini təklif etməsi cinayət təqibi deyil. Bu, bütün dünyada var və kökü kəsilmir. İllər keçsə də, köklərini kəsmək mümkün olmayacaq. Əsas odur ki, onlar ictimai və səhiyyə məsələlərinə diqqət etsinlər. Nə xəstəliyə yoluxsunalr, nə də kimisə yoluxdursunlar".
Azərbaycanlı qadınlara zorakılıq edən ərəblər varmı?
M.Zeynalova deyib ki, azərbaycanlı qadınların ərəblər tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat daxil olmayıb:
"Bəlkə də Daxili İşlər Nazirliyinə hər hansı məlumat daxil olub, amma bizim təşkilata bununla bağlı müraciət edilməyib. Xüsusilə turistlərin gəzdiyi ərazilərdə bəzən bilmək olmur, onlar həqiqi seks xidməti təklif edənlərdir, yoxsa sadəcə əyləncə axtaran gənclərdir. İllərdir, əsrlərdir seks xidməti göstərənlərə, fahişələrə qarşı müxtəlif mübarizə üsulları tətbiq edilib: bəzən onları yandırıblar, öldürüblər, amma bir nəticə hasil olmayıb. Və neçə qərinə keçsə də, mümkün olmayacq. Bu, bioloji tələbatdır, iqtisadi tələbatdır, yoxsa peşədirmi, bu da ayrıca müzakirə mövzusudur".